Ukraynada deputatın çənəsini sındıran idmançı Bakıda tutuldu
Ukrayna Radasının deputatı Mustafa Nayemə hücum etmiş şəxslərdən biri Azərbaycanda tutulub. Virtualaz.org xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri Arsen Avakov deyib.
Avakovun sözlərinə görə, hücum edən 3 nəfər hadisə yerində yaxalanmışdılar, onlar həbs ediliblər.
“Dördüncü iştirakçı hadisədən 20 dəqiqə sonra təyyarə bileti sifariş etmiş və 2,5-3 saatdan sinra Bakıya uçmuşdu. Sərhədi keçdiyi vaxta qədər onun şəxsiyyəti müəyyən edilməmişdi, lakin qiyabi olaraq onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham irəli sürülmüşdü və o, axtarışa elan edilmişdi. Bu gün həmin şəxs azərbaycanlı həmkarlarımız tərəfindən saxlanılıb”, - nazir bildirib.
Xatırladaq ki, aprelin 30-da Kiyevdə baş vermiş yol münaqişəsi zəminində aralarında Rusiya vətəndaşları da olan dörd kişi Nayemi döymüşdü. Deputat xəstəxanaya çatdırılmışdı.
Mənbə:> Virtualaz.org