Bakıda anadan olmuş erməni deputatın maşınını partlatdı
Ukrayna Ali Radasının “Radikal partiya”dan deputatı İqor Mosiyçuka qarşı ötən ilin oktyabrında Kiyevdə törədilmiş terror aktının təşkilatçısı Rusiya silahlı qüvvələrinin Baş qərargahına bağlı Baş Kəşfiyyat İdarəsinin “kimliyi hələ müəyyən edilməyən” əməkdaşıdır. İcraçılardan biri isə Bakıda anadan olmuş ermənidir.
Virtualaz.org xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinin müavini Viktor Kononenko keçirdiyi brifinqdə bildirib
Deputat Mosiyçukun avtomobili ötən il oktyabrın 25-də Kiyevdə “Espresso” telekanalının ofisi qarşısında partladılıb. Bu zaman deputat ağır yaralanıb, mühafizəçisi, Daxili İşlər Nazirliyinin polkovniki Ruslan Kuşnir, habelə hüquqşünas Mixail Mormil həlak olub. Videomüşahidə kameralarının çəkdiyi görüntülərə əsasən mopedlə hərəkət edən şəxs deputatın avtomobilinin altına partlayıcı yerləşdirir və uzaqlaşır.
Kononenko bildirib ki, təşkilatçının kimliyi müəyyən edilməsə də terror aktının icraçıları məlumdur. Bunlar Azərbaycanda anadan olmuş Aleksandr Feliksoviç Qriqoryan (1974), Volın sakini İqor Lısak və Mixail Anatolyeviç Myatnıxdır. Onlardan ikisi Rusiya ərazisində gizlənir, Myatnıx isə həbs edilib. Qriqoryanın və Lısakın barəsində qiyabi həbs qətimkan tədbiri seçilərək axtarışa verilib.
“Cinayətin təşkilatçısı, QRU əməkdaşı Rusiyadan Ukraynaya gəlib və 2017-ci il sentyabrın 9-dan 11-nə qədər və oktyabrın 10-dan 13-nə qədər icraçılarla təmasda olub”-Kononenko bildirib.
İstintaq hesab edir ki, terror aktının məqsədi deputatı öldürmək və Ukraynadakı vəziyyəti gərginləşdirmək olub.
Mənbə:> Virtualaz.org