Ukrayna DİN: Voronenkovu öldürən şəxs Rusiya agenti olub
Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qatili RF xüsusi xidmət orqanlarının Ukrayna güc strukturlarına yeridilmiş agenti olub.
AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, bu sözləri Ukrayna daxili işlər nazirinin müşaviri, Ali Radanın üzvü Anton Geraşşenko yerli televiziyalara açıqlamasında deyib.
O bildirib ki, qatil 2014-cü ilə Rusiya xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub.
A.Geraşşenko qatilin Ukrayna Milli Qvardiyasında 13 ay xidmət etdiyini, lakin döyüşlərdə iştirak etmədiyini söyləyib.
Hazırda Ukrayna hüquq-mühafizə orqanları onun bütün fəaliyyətini araşdırır və bərabər xidmət etdiyi əsgər yoldaşlarını dindirir.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının sabiq üzvü Denis Voronenkov martın 23-də Kiyevin mərkəzində, Puşkin küçəsində güllələnib. Onun mühafizəçisi killerə atəş aça bilib və özü də yaralanıb. Cinayəti törədən şəxs xəstəxanaya çatdırılsa da, orada ölüb. Hadisə ilə bağlı təhqiqat aparılır.
D.Voronenkov 2016-cı ilin oktyabrında Ukraynaya qaçıb və Ukrayna vətəndaşlığı alıb. O, Ukrayna Baş Prokurorluğuna Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi və sabiq prezident Viktor Yanukoviçlə bağlı ifadələr verirdi.
Mənbə:> APA