Salyanda “Mercedes” kanala düşdü
Çərşənbə günü, noyabrın 8-də axşam saatlarında Salyan rayonunun Çuxanlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 32 yaşlı Lənkəran sakini Cəfərov Seyfəddin Bakir oğlu əraziyə nabələd olduğundan, idarə etdiyi “Mercedes” markalı 90 SB 356 dövlət nömrə nişanlı avtomobili sərt döngədə idarəetməni itirərək yaxınlıqdakı su kanalına aşırıb.
Hadisə nəticəsində sürücü və sərnişinləri - Lənkəran sakinləri - 55 yaşlı Xəlilova Mehriban Cəlal qızı, 46 yaşlı Əlizadə Elnarə İltifat qızı və 49 yaşlı Nəcibəyov Rahim Gülağa oğlu FHN-in Muğan Regional Xidmətinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıblar. Kanala düşmüş maşından çıxarılan dörd nəfər müxtəlif bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Mənbə:> virtualaz.org