Bakıda sürücü maşında yanaraq can verdi
Bakıda sürücünün faciəvi şəkildə ölməsi ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, ağır qəza Xətai rayonu İzzət Orucova küçəsində qeydə alınıb.
Xocalı prospekti ilə hərəkətə edən “Chevrolet” maraklı minik maşını prospektin adı çəkilən küçə ilə birləşməsində olan binaya çırpılıb. Zərbənin təsir gücündən maşın deformasıyaya uğrayıb. Güclü zərbənin təsirindən avtomobildə yanğın da baş verib. Avtomobili tərk edə bilməyən sürücü yanaraq can verib.
Hadisə yerində yanğınsöndürənlərlə yanaşı FHN-nin xüsusi riskli xilasetmə xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanan avtomobil söndürüldükdən sonra xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə yanan avtomobildən sürücünün meyitini çıxarmağa müvəffəq olub.
Qəzanın baş verdiyi ünvana Xətai rayon polis idarəsinin əməkdaşları da cəlb olunub. Polisdən verilən məlumata görə, sürücünün üzərində sənəd olmadığından onun kimliyini müəyyən etmək mümkün olmayıb.
Hazırda istintaqçılar sükan arxasında əyləşən və hadisə zamanı dünyasını dəyişən şəxsin kimliyini müəyyən etməyə çalışır. Qəzanın səbəbləri ilə bağlı bir çox versiyalar irəli sürülürü. Amma tam olaraq hadisənin dəqiq necə və hansı şəaritdə baş verdiyi bilinmir.
Mənbə:> ANSPRESS