Ekspert: Novxanıda şortik qadağası başadüşüləndir
Bakıda xaricilərin işlətdikləri bəzi restoran sahibləri facecontrol (üz simasının kontrol edilməsi) yolu ilə gələn qonaqları qəbul edirlər.
Belə deyək, kimsə xoşuna gəlmirsə həmin şəxslər içəri buraxılmır. Novxanıda yerləşən restoran sahibinin də bu cür hərəkət etməsi başadüşüləndir. Əgər xaricilər belə edirlərsə, novxanılılar da bu cür hərəkət edə bilər.
Oxu.Az-a bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Restoranlara şortiklə girməyə qadağa qoyulması istehlakçıların hüquqlarını pozurmu?” sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, ola bilsin ki, həmin restoran sahibləri dindar olduğundan bunun əleyhinə olublar.
Bununla yanaşı, o qeyd edib ki, biznes qurumlar müstəqil hərəkət edə bilər.
“Dövlət orqanları dəfələrlə bildirib ki, Azərbaycanda xaricilərin özbaşınalığına son qoyulsun, lakin bu davam edir” - deyə, o əlavə edib.
Xatırladaq ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə Oxu.Az-a bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.
Qeyd edək ki, KİV-də yayılan məlumata görə, Novxanıda yerləşən “Amore” və “Kalyon” kimi məşhur restoranlarda “şortik qadağası” qoyulub.
Bu hadisənin şahidi olan Elnur Məmmədovun sözlərinə görə, dəniz kənarında belə bir qadağa çox gülüncdür:
“Mən həftəsonu xarici turistlərlə qutab yemək və onlara milli mətbəximizi tanıtmaq məqsədi ilə Novxanıya getdim. Ancaq “Amore” və “Kalyon” restoranları turistləri içəri buraxmadı, buna səbəb kimi də qonaqların şortik geyinməsi göstərildi.
Bu addım turistləri şoka saldı, onlar dedi ki, bu cür halla həyatlarında ilk dəfədir ki, qarşılaşırlar. Mən də qonaqlara veriləcək tutarlı cavab tapmadım, çox utandım”.
Şikayətçi həmçinin onu da vurğulamışdı ki, problemlə bağlı müvafiq orqanlara müraciət edəcək.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli