Qəhrəman polis: “İyrənməyib körpənin burnunu sümürdüm, nəfəs aldı...”
Bina yanan zaman həyatını təhlükəyə ataraq binaya girib bir neçə nəfəri xilas edən kişilər olub. Bunlardan biri binada işləyən fəhlə və bir körpənin həyatını xilas edən polis əməkdaşıdır.
Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik Baş İdarəsinin karantin tədbirlərini təmin edən əlahiddə polis alayının əməkdaşı, 1984-cü il, yanvarın 18-də Biləsuvarda anadan olmuş Emin Abışov olke.az-a baş verənləri anlatdı.
- Necə oldu hadisə yerinə gəldiniz?
- Yeni komandirə postu göstərirdik. Elə bu zaman gördük ki, yanğın var. Əvvəl yanğının bu qədər böyük olduğunu başa düşmədik. Fikirləşdik ki, yəqin boş şeydir. Sonra bizə bildirdilər ki, 16 mərtəbəli bina yanır. Tez hadisə yerinə gəldik. Camaatın qışqırığı, analarımızın, bacılarımızın fəryadı adamı dəli edirdi. Bir an olsun fikirləşmədim orada ölərəm, ya qalaram. O zaman öz həyatım mənim üçün önəmsiz idi. Çox şükürlər olsun ki, o körpəni xilas edə bildik. FHN-in işçiləri və bizim polis əməkdaşları qarşılıqlı əl-ələ verib insanların həyatın xilas etməyə çalışırdıq.
- Neçənci mərtəbəyə kimi qalxdınız?
- 7-8-ci mərtəbəyə qədər qalxa bildim. Sonuncu mərtəbədə bir uşaq qalmışdı, onun valideyni ilə yuxarı qalxırdıq. Mən hələ də özümə onu bağışlaya bilmirəm ki, 16-cı mərtəbəyə qalxıb o uşağı oradan götürə bilmədim... Hadisə yerinə çatdım. FHN-in işçilərindən əleyhqaz istədim. Onlar da əlavə əleyhqaz olmadığını dedilər. Həmin an polis yoldaşımdan dəsmal aldım. Hər tərəf su idi, dəsmalı suya salıb burnuma bağladım, yuxarı qalxdım...
- Uşağı haradan tapdınız?
- Dəqiq bilmədim neçənci mərtəbə idi. Yanımda FHN-in işçiləri də var idi. Biz ora qəhrəmanlığa getməmişdik. Allah heç kimə Bakı şəhərində qəhrəmanılığı göstərməsin. Biz qəhrəmanlığımızı Azərbaycanın işğal olmuş torpaqlarında göstərməliyik. Orada qəhrəman olmalıyıq. İnanın ki, heç kimə belə qəhrəmanlıq arzulamıram. Kiminsə evi yana, insanlar ölə, bizim etdiyimiz də qəhrəmanlılq ola - mən bunu qəbul etmirəm...
O uşağı pilləkən meydançasından götürdüm. Tez qaçdım aşağı. Təcili tibbi yardım maşınına çatanda gördüm uşaq özündən gedir. Uşağın burnu hislə dolmuşdu. İyrənmədən, çəkinmədən körpənin burnunu ağzıma salıb sümürdüm və o, nəfəs almağa başladı. Uşağın sağ qaldığına görə çox sevindim. Ancaq 16-cı mərtəbədəkii uşağı xilas edə bilmədiyimi özümə bağışlaya bilmirəm.
- Uşağı axtardığınızı eşitdik...
- Bəli, o uşağı axtarıram. Tapacam o uşağı. O körpənin üzündə bir nur var idi. O körpə mənim övladım, mənim balamdır artıq. Ən azı həftədə bir dəfə o körpəyə baş çəkəcəm. O, artıq mənim doğmamdır...
Sonda bir şeyi də deyim. Mən polisə qəbul olanda “Polis andı” içmişəm. Əgər o körpəni xilas etməsəydim, o and mənə qənim olardı...
Mənbə:> Virtualaz.org