Ramil Usubov qəhrəman polisə baş çəkdi
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı sakinlərin təxliyə və xilas olunmasında fədakarlıq göstərərkən müxtəlif dərəcəli xəsarətlər alan, hazırda Daxili İşlər Nazirliyinin Hospitalında müalicəsini davam etdirən polis əməkdaşına baş çəkib.
DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, nazir xidməti və vətəndaşlıq borcunu layiqincə yerinə yetirib, həyatını riskə atmaqdan çəkinməyərək 4 nəfəri xilas edən Çevik Polis Alayının 2-ci Patrul Bölüyünün əməkdaşı, polis serjantı Şahin Qocayevin səhhəti ilə maraqlanıb, ona şəfa diləyib, göstərdiyi igidliyə görə təşəkkür edib, tezliklə sağalaraq sıralarımıza qayıtmasını arzulayıb.
Təxliyə və xilasetmə işləri zamanı vəzifə borclarının icrasında fərqlənən əməkdaşların Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən dövlət mükafatlarına təqdim olunacağı onun diqqətinə çatdırılıb.
Polis serjantı Şahin Qocayev xəstəxana palatasında gözlərini açdığı andan dövlətin qayğısını hiss etdiyini deyərək, bu ali diqqətə görə ölkə prezidentinə minnətdarlığını bildirib.
Mənbə:> Oxu.Az