Bakıda “penoplast”lar belə sökülür...- Bu gün – FOTO
“Qafqazinfo”nun əməkdaşı bu gün söküntü işlərinin ilk başladığı məkana, Bakıxanov qəsəbəsinə baş çəkib. Məlum olduğu kimi, Bakıxanovda hələ də söküntü işləri davam edir. Rayon icra hakimiyyətinin əraziidarəetmə şöbəsinin əməkdaşı Ömər Həmidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, rayonda 6-ya yaxın belə üzlüklü binalar var: “Hazırda onların sökülməsi prosesi gedir. İşlər qısa müddətdə yekunlaşacaq”.
Qeyd edək ki, dünən ölkə başçısı Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib. Həmçinin göstərişdə qeyd olunub ki, yanğına məruz qalmış üzlük materialların istehsalına uyğunluq serifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək.
Həmçinin penoplastları istehsal edən, keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.
Xatırladaq ki, Bakı meri Hacıbala Abutalıbov da penoplast üzlüklü binalarla bağlı açıqlama verib. O bildirib ki, Bakıda bu üzlüklə üzlənmiş 140 bina var: "Ekspertizanın qərarından sonra onların sökülüb-sökülməyəcəyinə qərar veriləcək. Sabah axşam ekspertizanın rəyi bəlli olacaq”.
Mənbə:> Qafqazinfo.az