Binaların dekorativ üzlüklərinin sökülməsinə başlandı
Artıq Bakıxanov qəsəbəsinin mərkəzində, Xətai və Binəqədi rayonlarında icra hakimiyyətlərinin əməkdaşlarının iştirakı ilə yanğına həssas örtüklərin söküntüsü işi aparılır.
Bu gün Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov qeyd edib ki, Binəqədi rayonunda baş vermiş yanğın prezident İlham Əliyevin ciddi narahatlığına səbəb olub: "Cənab prezident yanğının nəticələrinin aradan qaldırılması, zərər çəkmiş şəxslərə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına tapşırıqlar verib".
Ə.Həsənov eyni zamanda onu da bildirib ki, dövlət başçısı Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib: “Həmçinin yanğına məruz qalmış üzlük materialların istehsalına uyğunluq serifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək” (APA).
Bakıda binaların penopolistiroldan hazırlanmış dekorativ üzlüklərinin sökülə biləcəyini Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da vurğulamışdı.
H.Abutalıbov bildirib ki, Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar dövlət başçısının sərəncamı ilə yaradılan Dövlət Komissiyası sabaha qədər qərar verməlidir: "Hazırda istintaq gedir. Əgər yanğına səbəb kimi binanın üzlüyünün yanan material olduğu müəyyən edilsə və qərar verilsə ki belə binaların hamısının üzlükləri sökülsün və onlar yanmayan materiallarla əvəz edilsin, bu qərar yerinə yetiriləcək. Bunun üçün dövlətin imkanı və büdcəsi var".
Onun sözlərinə görə, əgər komissiya arayış versə ki yanğın başqa səbəblərdən baş verib, onda onların sökülməsinə ehtiyac yaranmayacaq.
Mənbə:> Trend