Ana, oğlu və qızı...- Hər üçü yanğında öldü – FOTO
Dünən Binəqədidə baş verən dəhşətli yanğından bir ailənin üç üzvü həlak olub. “Qafqazinfo” xəbər verir ki, elə gecədən sosial şəbəkə istifadəçiləri bacı-qardaşın (Eyvazov Davud Hamir oğlu ( 16 yaş ), Eyvazova Ülkər Hamir qızı ( 20 yaş)) faciəvi ölümü ilə bağlı fikirlər paylaşırdılar.
Daha sonra məlum oldu ki, təkcə Ülkərlə qardaşı Davud deyil, elə anaları Zülfiyyə Şirinova da yanğında ölüb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, Ülkər Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin tələbəsi olub. Gənc qızın nişanlı olduğu deyilir və yaxınlarda toyu olacaqmış. Qonşuları bildirib ki, ailə yanan binaya təzə köçübmüş, kirayə qalırdılar. Bundan əvvəl isə qonşu binada yaşayırmışlar.
Eyvazov Davud isə 283 nömrəli məktəbin 10-cu sinif şagirdi idi.
Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin dekanı Nazim Şəmilov Ülkərin faciəvi ölümü ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, Ülkər çox fəal tələbə olub: " Fakültəmizin Torpaqşünaslıq ixtisası üzrə 3-cü kurs, rus sektorunda oxuyan fəal tələbələrindən biri idi. Çox intizamlı, səliqəli tələbə idi. Avropa Oyunları könüllülərindən idi. Dünən onların imtahanı var idi. Ülkər könüllü olduğu üçün imtahandan azad olunmuşdu. O, könüllülərin baş ofisinə getməli idi. Tale elə gətirib ki, ora da getməyib".
Qeyd edək ki, onların atası Hamir Eyvazovun vəfat etdiyi deyilsə də, yaxınları atalarının ailəsindən illər əvvəl ayrı, Rusiyada yaşadığını bildiriblər.
Mənbə:> Qafqazinfo.az