Bakıda ləğv edilən avtobus sürücüləri işsiz qalmayacaq
"Bakıda ləğv edilən avtobus xəttlərinin sürücüləri işsiz qalmayacaqlar".
ANS PRESS-in məlumatına görə, bunu Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov "Xəbər Sizsiniz" verilişində bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, bununla bağlı nazirliyin "qaynar xətti"nə çoxlu zənglər gəlir. Namiq Həsənov bildirib ki, sürücülərin işə götürülməsi, yaxud işdən azad olunması birbaşa nazirliyin işi deyil: “Mən bildirmək istəyirəm ki, nazirlik heç bir sücünü işə götürmür, yaxud da işdən azad etmir. Sürücülərin işə götürülməsi məsələsinə sahibkarlar baxır. Nəqliyyat Nazirliyi sadəcə bu məsələyə nəzarət edir. Nəzarət olunur ki, sürücülərin sənədləri qaydasında olsun. Sahibkarlar həmin sürücüləri başqa avtobus xətlərinə yerləşdirə bilərlər".
Namiq Həsənov onu da bildirib ki, bağlanan avtobusların sürücüləri ola bilsin ki, Bakıda yeni açılan VİP taksi xidmətlərində işə götürülsünlər. Bir sözlə, nazirlik rəsmisi əmin edir ki, heç bir təcrübəli sürücü işsiz qalmayacaq.
Mənbə:> ANSPRESS