Sürücülərin nəzərinə!
Azərbaycanın Nəqliyyat Nazirliyi sərnişinlərə xüsusi icazə olmadan xidmət göstərən taksi və avtobus sürücülərinə qarşı mübarizəni sərtləşdirmək niyyətindədir. ANS PRESS-in məlumatına görə, bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov məlumat verib. Həsənov deyib: “Sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə qanunsuz xidmət göstərən taksi və avtobus sürücülərinə münasibətdə reydlərə başlanır”.
Şöbə müdirinin sözlərinə görə, Nəqliyyat Nazirliyi qanunla müəyyən olunmuş çərçivədə xidmət göstərilməsinə tərəfdardır. Həsənov bildirib ki, məhz bu məqsədlə taksi sürücüləri öz fəaliyyətlərini qanuniləşdirmək üçün xüsusi icazələrin alınması üçün müraciət etməlidirlər: "Reydlər habelə qanunsuz sərnişin daşıyan kiçik tutumlu avtobusların sürücülərinə qarşı da aparılır. Bütün bu hallar aşkar edilib aradan qaldırılacaq".
Onun sözlərinə görə, sərnişin avtobusu sürücülərinin işinə daim nəzarət edilir. Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzinin xarici və daxili müşahidə kameralarından əldə etdiyi məlumatlara görə, 2014-cü ildə sürücülərin sükan arxasında telefonla danışması ilə bağlı 23 309 hal, siqaret çəkməsi ilə bağlı 12 750, avadanlığın işinə müdaxilə ilə bağlı 59 941, eləcə də qanunsuz parketmə ilə bağlı 20 333 hal qeydə alınıb.
Həsənov deyib ki, bu, paytaxtın nəqliyyat sisteminin daimi müşahidə və nəzarət altında olmasından xəbər verir. “Öz növbəsində, qanunu pozanlara qarşı sərt tədbirlər görülür. Belə ki, 2014-cü ildə 221 sürücü barəsində inzibati protokol tərtib edilib”.
Mənbə:> ANSPRESS