DİN şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim edib
Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, növbəti belə tədbirlər Daşkəsən, Samux və Şəmkir RPŞ-lərin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda baş tutub.
Keçirilmiş səyyar xidmətlər zamanı Daşkəsən üzrə 71, Samux üzrə 100, Şəmkir rayonu üzrə isə 275 nəfərə, ümumilikdə, 446 nəfərə şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim edilib.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.
Mənbə:> ANSPRESS