Almaniyadan İŞİD qərarı
Almaniya özünü İraq və Şam İslam Dövləti (İŞİD) kimi təqdim edən terror təşkilatına qarşı tədbirlər görməyə başlayıb.
ANS PRESS-in məlumatına görə, Almaniya hökuməti İŞİD-ə qatılmaq istəyən alman vətəndaşlarının xarici ölkələrə səyahətinin məhdudlaşdırması ilə bağlı iş başlatdığını bildirib.
Federal Mətbuat Mərkəzində təşkil edilən mətbuat konfransında daxili işlər naziri sözçüsü Pamela Müller-Niese sualları cavablandırıb. Suriya və İraqa döyüşməyə getmək istəyənlərə qarşı hansı addımlar atılacağı ilə bağlı bir suala cavab verən sözcü bəzi tədbirlər aldıqlarını söyləyib.
Müller-Niese Almaniyada "Vətəndaşlıq" haqqında qanununda dəyişikliyə ehtiyac olduğunu deyib: "Qanunlara görə alman vətəndaşlarının xarici pasportunu lazım olduğu halda əlindən almaq olar. Ancaq bu qanun şəxsiyyət vəsiqəsinə şamil edilmir. Əhali isə vəsiqəsi ilə xarici ölkələrə səyahət edə bilir. Sözügedən bölgələrə getmək istəyənlərin şəxsiyyət vəsiqələrinin əllərindən alınması məsələsini araşdırırıq. Məsələ ilə bağlı aidiyyatı orqanlarla da danışıqlar apararırıq".
DİN sözçüsü Almaniyanın İŞİD-in hədəfində olub olmadığı ilə bağlı sualları da cavablandırıb. O qeyd edib ki, nə Daxili İşlər Nazirliyində, nə də digər təhlükəsizlik orqanlarında konkret bir məlumat yoxdur. Müller-Niese terror təşkilatına qarşı təhlükəsizlik orqanlarının lazımi tədbirlər gördüyünü bildirib.
Mənbə:> ANSPRESS