Azərbaycanın bütün polis rəisləri Bakıya toplandı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Azərbaycanın bütün polis rəisləri Bakıya toplandı

Azərbaycanın bütün polis rəisləri Bakıya toplandı


Bu gün Daxili İşlər Nazirliyində (DİN) 2014-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, xidməti fəaliyyətin yekunlarını müzakirə etdiyimiz 2014-cü il də Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətli inkişafı, sosial-iqtisadi sahədə uğurların artması, beynəlxalq nüfuzunun yüksəlməsi ilə səciyyəvi olub, aparılan quruculuq işlərinə, tərəqqi proseslərinə zəmin yaradan ictimai asayiş, sabitlik və daxili təhlükəsizlik etibarlı qorunub.

Qeyd olunub ki, möhtərəm Prezidentin fərman, sərəncam və tapşırıqlarından, aidiyyəti plan və proqramlardan irəli gələn vəzifələr vaxtında və tam yerinə yetirilib. Vətəndaşların əmin-amanlığının yüksək səviyyədə təmin edildiyi dövlət imicini bir daha təsdiqləyən respublikamız əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən il də MDB və Şərqi Avropa məkanında öncül mövqedə olub.

Daha sonra iclasın gündəliyi elan olunub və daxili işlər naziri hesabat məruzəsi ilə çıxış edib.

Cinayətlərin profilaktikasında, açılmasında, zərər çəkmiş şəxslərin hüquqlarının, həyat və sağlamlığının müdafiəsində müasir informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub. Təkcə “102” xidmətinə daxil olan məlumatlar üzrə görülmüş çevik cavab tədbirləri ilə müqayisə edilən dövrə nisbətdə 47 faiz çox və ya 11.706 hüquqazidd əməlin qarşısı alınıb. “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 269 cinayət açılıb, 12.771 yol-nəqliyyat hadisəsi və piyadaların vurulması faktı aşkarlanıb, axtarışda olan 139 avtomobil saxlanılıb. Vahid məlumat-axtarış sistemi vasitəsilə 600 minə yaxın sorğu cavablandırılıb. Respublika üzrə daha 260 nöqtədə 1167 kamera quraşdırılaraq müvafiq texniki vasitələrin sayı 2039 nöqtə üzrə 8085 vahidə çatdırılıb (Bakı şəhərində 1356 nöqtədə 4224). Bütövlükdə cinayətlərin açılması yüksək olmaqla 80,7 faiz təşkil edib.

Bildirilib ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmin edilməsi işi də nəzarətdə saxlanılıb. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 6,5 faiz yaxşılaşaraq istintaqdan və məhkəmələrdən yayınan 2193 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 73 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarılan şəxslərin 67,7 faizi tutulub.

Ötən il daxili işlər orqanları müstəntiqlərinin icraatında 23.847 cinayət işi olub. İstintaqı tamamlanaraq ittiham aktı ilə məhkəmələrə göndərilmiş cinayət işlərinin sayı isə 5,4 faiz artıb. Dəymiş maddi ziyanın ödətdirilməsi 5 faiz yaxşılaşaraq 78,2 faiz təşkil edib. Hesabat ilində respublikanın ərazi polis orqanlarına daxil olmuş cinayət xarakterli məlumatın 87 faizi təhqiqatçılar tərəfindən araşdırılıb, onların da 54,2 faizi məhkəmələrə göndərilib.

Vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi üzrə fəaliyyət çərçivəsində 559 min nəfər yeni nəsil ümumvətəndaş pasportu, 1.165.565 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin olunub. Analoji iş əməkdaşlarımız tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) xidmət mərkəzlərində də məqsədyönlü surətdə davam etdirilib.

O da qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində daim təkmilləşən və inkişaf edən Daxili Qoşunlar da ictimai asayişin keşiyində mətinliklə dayanıb, hərbi qulluqçular cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmini tədbirlərində və xüsusi əməliyyatlarda fəal iştirak ediblər. Qoşunların maddi-texniki bazasının gücləndirilməsi, komandirlərin, idarəetmə orqanlarının və hərbi hissələrin döyüş qabiliyyətinin yüksəldilməsi sahəsində mühüm tədbirlərin icrası tam təmin edilib.

Xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin icrası daim ciddi nəzarətdə saxlanılıb. Nazirliyin rəhbərliyi tərəfindən 300-dən çox, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 9 bölgəsi üzrə 1415 vətəndaşın səyyar qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub. Ötən il Nazirliyə daxil olmuş müraciətlərin sayı 4,3 faiz, o cümlədən şikayətlərin sayı 7 faiz azalıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan müraciətlərin dinamikasında isə 13 faiz azalma qeydə alınıb.

Məruzədə əldə olunmuş uğurlarla bərabər xidməti fəaliyyətdə olan nöqsan və çatışmazlıqları da nəzərə çatdıran nazir Kollegiya iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldib.

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi-demokratik islahatların, böyük infrastruktur layihələrinin və sosial yönümlü proqramların uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Respublikamızda gedən hərtərəfli və dinamik inkişaf proseslərinin əsas şərtlərindən olan ictimai-siyasi sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, eyni zamanda, aidiyyəti Dövlət proqramlarından, Milli Fəaliyyət planlarından irəli gələn vəzifələrin yüksək səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təklükəsizliyin təmini sahələrində bir sıra uğurlar qazanıldığını qeyd edib. Xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyəti, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyi nəzərə çatdırılıb.

Məruzə ətrafında çıxış edən Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov və başqaları hesabat dövründə görülmüş işlərdən və buraxılmış nöqsanlardan danışaraq, çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün kəsərli tədbirlərin görüləcəyini bildiriblər.

İclasa yekun vuran daxili işlər naziri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Zati-alilərinin hər bir dövlət qurumunda idarəetmənin təkmilləşdirilməsi barədə göstəriş verdiyini xatırladıb. Möhtərəm Prezidentimizin bu tələbinin yüksək səviyyədə icrasına nail olmaq üçün, ilk növbədə, xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmin edilməsi kimi mühüm prinsip üzərində qurulmasının, insan hüquq və azadlıqlarının etibarlı qorunmasının, qanunçuluğun möhkəmləndirilməsinin, xalqa xidmət funksiyalarının genişləndirilməsinin, müasir texnologiyaların tətbiqinin, şəxsi heyətin professional səviyyəsinin yüksəldilməsinin başlıca vəzifələr olaraq ardıcıllıqla həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

R.Usubov ötən hesabat ilində cinayətlərin qarşısının alınması, açılması, təqsirləndirilən şəxslərin axtarışının təşkili, istintaqın və təhqiqatın keyfiyyətinin daha da yaxşılaşdırılması, qanunçuluğun, hüquq qaydasının möhkəmləndirilməsi və digər sahələrdə normativ hüquqi aktların, vəzifə təlimatlarının tələblərinin bütövlükdə layiqincə yerinə yetirildiyini, göstərilən sahələrdə əldə edilmiş nəticələrin qənaətbəxş olduğunu bildirib. Bununla belə, beynəlxalq və respublika əhəmiyyətli mühüm tədbirlərlə zəngin olan 2015-ci ildə də qarşıda mühüm vəzifələr durduğunu, ayrı-ayrı ərazi polis orqanlarında kriminogen durumda baş verən dəyişikliklərə operativ reaksiya verilməməsinin əməliyyat-xidməti fəaliyyətin bəzi istiqamətləri üzrə ümumi nəticələrə mənfi təsir göstərdiyini nəzərə çatdırıb, konkret tapşırıq və tövsiyələrini verib.

Bildirilib ki, əldə olunmuş müsbət nəticələr inkişaf etdirilməli, nöqsan və çatışmazlıqlar tam aradan qaldırılmalı, orqan və hissələr müasir dövrün çağırış və təhdidlərinə daim hazır olmalı, transmilli mütəşəkkil cinayətkarlığın, dini radikalizmin qarşısı vaxtında və qətiyyətlə alınmalıdır. O deyib ki, ilk növbədə nazirliyin aidiyyatı baş idarələri ailə münaqişəsi zəminində baş verən cinayətlərin qarşısının alınmasına yönəlmiş maarifləndirmə tədbirlərinin keçirilməsini, məişət zorakılığı törətmiş şəxslərin qeydiyyatının, qabaqlayıcı işin aparılmasını və digər mühüm vəzifələrin icrasını daha məqsədyönlü təşkil etməli, müvafiq sahədə yerlərə əməli köməklik göstərilməli, həmçinin, əvvəllər məhkum olunmuş şəxslərin sosial adaptasiyası üzrə aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət gücləndirilməlidir.

Cari ilin paytaxtda keçiriləcək ən mühüm beynəlxalq tədbirinə - I Avropa Oyunlarına hazırlıq işlərindən danışan daxili işlər naziri sözügedən tədbirlər çərçivəsində 700 əməkdaşın xarici dil kurslarına cəlb olunduğunu bildirib. Bu yarışlar zamanı ictimai asayişin və təhlükəsizliyin qorunmasına cavabdeh xidmətlərin, ərazi orqanlarının və nizami hissələrin fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin səmərəli təşkili, əməliyyat şəraitinin fasiləsiz izlənilməsi məqsədilə DİN-in müvafiq Tədbirlər Planından irəli gələn məsələlərin icrasının davam etdirilməsinin, eyni zamanda, Milli Məclisə seçkilərlə əlaqədar səsvermə hüququna malik vətəndaşların şəxsiyyəti təsdiqləyən sənədlərlə tam təmin olunmasının, o cümlədən etibarlıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi sahəsində fəaliyyətin ciddi nəzarətdə saxlanılmasının vacibliyi qeyd edilib.

General-polkovnik R.Usubov daxili işlər orqanlarının şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, əməkdaşlar və hərbi qulluqçular bundan sonra da bütün qüvvələrini ölkədə ictimai asayişin yüksək səviyyədə qorunmasına səfərbər edəcək, Zati-alilərinin cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, insan hüquq və azadlıqlarının, vətəndaşların qanuni mənafelərinin etibarlı təmin edilməsi ilə bağlı qarşıya qoyduğu tapşırıqları, tələb və tövsiyələri 2015-ci ildə də böyük məsuliyyət hissi ilə yerinə yetirəcək, Vətənə, xalqa və dövlətə layiqincə xidmət edəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *