Sumqayıtda bu avtomobili görənlər heyran olur: retro avtomobil 20 min manata satılır – VİDEO
Çoxları şəhər küçələrində şütüyən bu avtomobili görəndə təəccübünü gizlətmir.
Düzü, biz də ilk dəfə onun rastlaşanda böyük marağımıza səbəb oldu. Çünki belə bir nəqliyyat vasitəsinin varlığından xəbərdar deyildik. Elə buna görə də yaxından tanımaq qərarına gəldik.
Söhbət Sovet avtomobil sənayesinin 1970-1990-cı illər ərzində istehsal etdiyi CЗД maşınından gedir. 1971-ci il buraxılışlı nəqliyyat vasitəsi orjinallığı ilə yanaşı, tam saz vəziyyətdədir və əsas detallarına əl vurulmayıb. Hətta texniki pasportu və nömrəsi də Sovet dövründən qalmadır. Bir sözlə, illər heç nəyini əlindən ala bilməyib. İki nəfərlik və iki qapılı olan avtomobil Sovet dövründə veteran və əlillər üçün nəzərdə tutulub və elə bu məqsədlə də istehsal olunub. Maşın motosiklet mühərrikindən və dörd ötürücülü surət qutusundan ibarətdir. Yanacaq tutumu isə 8 litrdir. Sahibi bu qeyri-adi görünüşlü avtomobilini sərgilərdə nümayiş etdirmək istəyir. Hətta fikrində tutduğu məbləğə alıcı taparsa, satmaqdan da vaz keçməz.
Doğrudan da, müasir, dinamik həyatda bir qədər nostalji hisslər oyadan elementlərin olması vacibdir. Saz halda olan retro model maşınların yollarda şütüməsi də elə bu cür xoş ovqatı yaradan nümunələrdəndir.
Mənbə:> Xeberle.com