Azərbaycana avtomobil idxalı 50% azaldı
2015-ci ilin 7 ayında Azərbaycana 19 min 476 ədəd avtomobil idxal olunub. Bu da 2014-cü ilin anoloji dövrü ilə müqayisədə, 18 min 862 ədəd və ya 50% azdır.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) 2015-ci ilin ilk 7 ayı üzrə yaydığı hesabatda bildirilib.
Hesabata görə, ölkəyə gətirilən avtomobillərin 660 ədədi 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 17 345 əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1275 yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 196 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Azərbaycanın özünün istehsal etdiyi avtomobillərə gəldikdə isə, Dövlət Statistika Komitəsi (DSK) bildirib ki, maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, avtomobil və qoşquların istehsalı sahələrində 184,3 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar-iyul aylarıilə müqayisədə maşın və avadanlıqların istehsalı 25%, nəqliyyat vasitələrinin istehsalı 1,9%, avtomobil və qoşquların istehsalı isə 25,3% azalıb.
Bundan başqa, bu ilin 7 ayında Azərbaycan 325 ədəd minik avtomobili istehsal edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə, 78,5% azdır.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli