Qida maddələrinə əlavə edilən aspartam nədir?
Bir müddət öncə həkim Füzuli Hüseynovun qəbul etdiyimiz qidaların tərkibində aspartam adlı zəhərli maddənin olması barədə açıqlaması birmənalı qarşılanmayıb.
Həkim bildirib ki, içdiyimiz içkilərin, reklam olunan diş pastalarının, xarici istehsallı şirniyyatlar, marmelad, lokum kimi qidaların tərkibinə aspartam adlı maddə əlavə edilir.
Onun sözlərinə görə, bu maddə 1980-ci ilə qədər əkin sahəsində həşəratları öldürmək üçün istifadə olunurdu. Etiket üzərində kodu E 951 olan aspartam insanda əsəbilik, piylənmə, dəridə qaşıntılar, yuxusuzluq, bədəndə turşulaşma, yaddaş pozuntusu, ürək döyüntüləri, maddələr mübadiləsi pozğunluğu, hormonal disbalans kimi problemlər yaradır.
Bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinin Risklərin İdarəedilməsi şöbəsinin baş məsləhətçisi İlahə Əliyeva bildirib ki, aspartam maddəsi bir çox müxtəlif qida məhsullarında E 951 kodu ilə istifadəsinə icazə verilən süni dadlandırıcı qida əlavəsidir. Eyni zamanda, şirinliyi adi şəkərdən çox yüksək olduğu üçün şəkər xəstələri tərəfindən də geniş şəkildə istifadə edilir.
İ.Əliyeva qeyd edib ki, bu maddənin istifadəsinin insan sağlamlığına hər hansı bir zərərinin olması haqqında elmi əsaslara söykənən yetərli sübut yoxdur.
Mənbə:> Trend