Bunları bilmək sizə vacibdir
Qida əlavələrindən istifadə zamanı diqqətli olun
Düzgün qidalanma insan sağlamlığında çox mühüm rol oynayır. Gündəlik qida rasionunda kifayət qədər vitaminlər, minerallar, makro və mikroelementlərin olmaması orqanizmin müqavimətini zəiflədir. İnsanı müxtəlif xəstəliklərə qarşı risk altında qoyur. Məhz bunun aradan qaldırılması və qidalara xüsusi qoxu, rəng, tam verilməsi üçün qida əlavələrindən istifadə getdikcə artır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu tendensiyanın özü isə istehlakçıların daha diqqətli olmasını zəruri edir. Belə ki, keyfiyyətsiz, zəruri tələblərə cavab verməyən qida əlavələri və onlardan istifadə edilməklə hazırlanan məhsullar sağlamlıq üçün daha təhlükəli hesab olunur.
Hər gün ticarət obyektlərindən müxtəlif ərzaq malları alırıq və bəzən onların tərkibinə baxmırıq. Əslində isə bu məhsulların tərkibindəki konservantlar, qida əlavələri, rəngləndiricilərin bəzilərinin insan orqanizmi üçün təhlükəli olması ehtimalı çox yüksəkdir. Onlara diqqət etmək zəruridir. İctimai iaşə müəssisələrində də yeməklərin hazırlanmasında aşağı keyfiyyətli və həyat üçün təhlükəli ola bilən komponentlərdən, qida əlavələrindən istifadə oluna bilər. Müxtəlif yeməklərin hazırlanmasında, onlarla birlikdə təqdim olunan sous, ketçup və mayonezlərdə çoxlu miqdarda soya və qida əlavələri olur. Ona görə də, istər ticarət, istərsə də ictimai iaşə obyektlərində olarkən diqqətli olun.
Nəzərə alın ki, qida əlavələri təbii və ya süni yolla əldə edilmiş əlavə və yaxud da onların qarışığıdır. Onlar qidanın hazırlanma prosesi zamanı yalnız əlavə kimi tətbiq edilir. Bu əlavələr əsasən texnoloji məqsədlər və ya qidaya müəyyən xüsusiyyətlər (qoxu, rəng, tam və s.) vermək, keyfiyyətli saxlanma, saxlanma və yaxud yararlılıq müddətinin artırılması məqsədilə istifadə olunur. İstehsalçılar tərəfindən texnoloji qida əlavələri əsasən istehsal prosesinin yüngülləşdirilməsi, məhsulun saxlama müddətini artırılması, xarici görünüşünün dəyişdirilməsi və s. məqsədlər üçün istifadə olunur. Ədviyyat və digər qatqılar isə məhsullara əlavə dad verilməsi üçün əlavə edilir. Bioloji aktiv əlavələr isə məhsullara əlavə vitamin və digər faydalı qatqıların əlavə edilməsi üçündür.
Qida əlavələri turşu, konservant, rəngli, yumşaldıcı, parıltılı, qoxulu maddələr kimi əsas funksional siniflərə bölünürlər. Bunlardan əlavə onların digər kiçik növləri də vardır. Hal-hazırda istifadəyə icazə verilən 500 ada yaxın qida əlavəsi mövcuddur.
Mövcud qanunvericiliyə görə qida əlavələri və köməkçi vasitələrin tətbiqi insan həyatına təhlükə törətməmək şərtilə həyata keçirilməlidir. Qida əlavələri və köməkçi vasitələrin istehsalı normativ və texniki qaydalara uyğun olaraq həyata keçirilməli, təhlükəsizlik və keyfiyyət tələblərinə cavab verməlidir.
Ticarət şəbəkələrində satılan qida əlavələrinin üzərində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
Məhsulun üzərində istehsalçının adı və ünvanı; istehsalçının əmtəə nişanı; istehsal və qablaşdırma tarixi; saxlama müddəti və şəraiti; tərkibi; xalis çəkisi; istifadə haqda təlimatlar; əks təsirləri; standarta uyğunluğu və s. olmalıdır.
Dəqiq markalanmayan, etiketdəki məlumatları solğun və ya pozulmuş olan qida əlavələrini almaqdan çəkinin.
Qida əlavələrinin qablaşdırılması və daşınması zamanı da bir sıra zəruri tələblərə əməl edilməsi vacibdir. Belə ki, bu məhsullar ticarət şəbəkələrinə üstü bağlı nəqliyyat vasitələrində, xüsusi temperatur rejimində daşınmalıdır. Əks halda onların keyfiyyətinin itməsi etimalı artır.
Eyni zamanda qida əlavələrini alarkən ticarət obyektinin şəraitinə fikir vermək lazımdır. Bu obyektlər malların yığılma və saxlanması üçün müasir texnoloji yeniliklərlə təchiz olunmalı, müştərilərin mal seçməsi üçün lazım olan qədər inventarlarla təmin edilməli, saxlama və satışın sanitar və gigiyenik normalarına ciddi nəzarət etməlidir. Nəzərə alın ki, bu kimi məhsullar satılan ticarət obyektlərində soyutma sistemi işləməli, temperatur rejiminə ciddi əməl olunmalıdır.
İstehlakçı olaraq hər kəs ticarət və ictimai iaşə obyektində olarkən, həmçinin məişətdə qida əlavələrindən istifadə edərkən birinci növbədə onların saxlama şəraitinə və temperaturuna diqqət etməlidir. Qida əlavələri temperaturu 25ºC-dən yüksək olmayan yerlərdə saxlanmalı, gün şüalarından qorunmalıdır. Bu məhsulları alarkən onun mənşəyi, tərkibi və istehlak xassələri barədə məlumatlarla tanış olun. Həmçinin malın üzərində
onun istehsalçısı barədə zəruri məlumatların olmasına diqqət edin. Mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş qida əlavələrini almayın.
Mal alarkən onun tərkibinə diqqət edin. Malın tərkibindəki qida əlavələrinin miqdarına fikir verin. Bilin ki, tərkibində qida əlavələri daha az olan məhsullardan istifadə olunması məsləhət görülür.
Mənbə:> ANSPRESS