Dövlət Xidməti: İdxal olunan toyuq ətləri qida üçün yararlıdır
Bir sıra kütləvi informasiya vasitələrində Ukraynadan gətirilən “Katkut” və “Ular” adlı dondurulmuş toyuq əti və budlarına normadan artıq suyun vurulması və keyfiyyəti barədə məlumatlar yayılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bununla əlaqədar olaraq bildirir ki, respublikaya idxal edilən bütün heyvandarlıq və quşçuluq məhsullarına ciddi nəzarət olunur.
Bu barədə Oxu.Az-a Dövlət Xidmətindən bildirilib.
“Dövlət Xidmətinin Respublika Baytarlıq Laboratoriyasında gətirilən hər bir məhsul ”Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”inə uyğun olaraq müvafiq laboratoriya müayinələrindən keçirildikdən, qida üçün baytarlıq-sanitariya cəhətdən yararlı olması müəyyən edildikdən sonra satışına icazə verilir.
O cümlədən Ukraynadan gətirilən “Katkut” və “Ular” adlı dondurulmuş toyuq əti və budlarında Səhiyyə Nazirliyinin əmrinə əsasən, “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə uyğun olaraq müayinələr aparılıb.
Həmin tələblərdə quş ətinin mikrobioloji, toksiki elementlərə, antibiotiklərə, pestisidlərə və radionuklidlərə görə müayinə edilməsi nəzərdə tutulub.
Göründüyü kimi, “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ində toyuq ətində və budunda nəmliyin kütlə payının yoxlanılması Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən aparılması nəzərdə tutulmayıb.
Respublika Baytarlıq Laboratoriyasında mikrobioloji, toksiki elementlərə, antibiotiklərə, pestisidlərə və radionuklidlərə görə aparılan müayinələrin nəticəsinə əsasən, Ukrayna Respublikasından gətirilən “Katkut” və “Ular” adlı dondurulmuş toyuq əti və budlarının parametrlər normativlərə uyğun olduğu, qida üçün baytarlıq-sanitariya cəhətdən yararlığı müəyyən edilib.
Eləcə də müayinələr zamanı məhsullarda qida üçün təhlükəli olan qarışıqlar aşkar edilməyib. Aparılan müayinələrin nəticələri nəzərə alınaraq Dövlət Xidməti tərəfindən həmin məhsulların istifadəsinə icazə verilib.
Xidmət tərəfindən qida təhlükəsizliyi ilə əlaqədar heyvandarlıq məhsullarının idxal-ixracına və istifadəsinə ciddi nəzarət olunur”, - deyə məlumatda vurğulanır.
Mənbə:> Oxu.az