Goranboyda aşkarlanan heyvan cəmdəyi zərərsizləşdirilib
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir.
Bu barədə Oxu.Az-a Xidmətdən bildirilib.
İyul ayının 16-da alınmış məlumat əsasında Dövlət Xidmətinin Goranboy Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Goranboy şəhəri Cəlil Məmmədquluzadə küçəsi ev 10-da yaşayan Rzayev İlqar Saşa oğlunun həyətində qanunsuz, antisanitar vəziyyətdə fəaliyyət göstərən heyvan kəsim yeri və 1 baş, çəkisi 125 kq olan, üst-üstə tökülmüş vəziyyətdə, üfunətli iyi verən kəsilmiş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.
Aşkarlanan cəmdəkdən baytarlıq qanunvericiliyinə uyğun götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə edilib.
Müayinələrin nəticəsinə əsasən, iribuynuzlu heyvan cəmdəyinin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz, insan və heyvan qidası üçün yararsız olması, baytarlıq-sanitariya tələblərinə cavab verməməsi, aqoniya və ya öldükdən sonra kəsilmiş iribuynuzlu heyvan əti olması nəzərə alınaraq onun zərərsizləşdirilməsinə qərar verilib.
Qərara uyğun olaraq, iyulun 20-də iribuynuzlu heyvan cəmdəyi baytarlıq mütəxəssislərinin nəzarəti altında Goranboy rayonunun Şahməmmədli kəndinin ərazisində xüsusi ayrılmış yerdə kütləvi informasiya vasitələri və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli