Dövlət Xidməti Qurban bayramı ilə əlaqədar olaraq əmr imzaladı
Sentyabrın 24-25-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar görüləcək tədbirlər haqqında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əmr imzalayıb.
Xidmətdən Oxu.Az-a verilən məlumata görə, əmr Bakı şəhərinə gətirilən qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda kəsilməsinin qarşısını almaq məqsədi ilə verilib.
İmzalanmış əmrdə Qurban bayramı ilə əlaqədar olaraq Bakı şəhərinə gətirilən heyvanların sağlam olması, həmçinin baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi məqsədi ilə baytarlıq mütəxəssislərinin heyvanların kütləvi halda kəsildikləri Bakı şəhərinin ayrı-ayrı rayonlarına təhkim olunması qeyd edilir.
Eyni zamanda əmrdə Bakı Şəhər Baytarlıq İdarəsinə tapşırılır ki, Qurban bayramı ərəfəsində və bayram günlərində baytarlıq mütəxəssislərinin qurbanlıq heyvanlar satılan və kəsilən yerlərdə olmalarını təmin etsin.
Eləcə də rayonlardan gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlıqları barədə 1 nömrəli şəhadətnamənin olmasını müəyyənləşdirmələri, bunun nəticəsindən asılı olaraq müvafiq tədbirlər görmələri, qurbanlıq heyvanların qəbulunda, saxlanmasında və kəsilməsində baytarlıq-sanitariya qaydalarına ciddi əməl etmələri tapşırılır.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli