Azərbaycan təcili tədbirlərə başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Səhiyyə

Azərbaycan təcili tədbirlərə başladı

Azərbaycan təcili tədbirlərə başladı


Azərbaycanın Baş Dövlət Baytarlıq müfəttişi xanım Sialə Rüstəmova mayın 7-də “Türkiyə Respublikasındakı vəziyyətlə və respublika ərazisinə xarici ölkələrdən köçəri quşların miqrasiyası ilə əlaqədar olaraq keçə biləcək yüksək patogenli quş qripi xəstəliyinə qarşı qabaqlayıcı profilaktiki baytarlıq-sanitariya tədbirlərinin görülməsi” məqsədi ilə 27/S-05 saylı sərəncam imzalayıb.

Bu barədə ANS PRESS-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarət Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Sərəncamda bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OİE) rəsmi məlumatına əsasən, Türkiyədə ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyi (H5N1) qeydə alınıb. Hazırda Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə birlikdə respublikanın bir sıra bölgələrində, xüsusən köçəri və vəhşi quşların miqrasiya marşrutları üzrə məskunlaşdıqları su hövzələrində, milli parklarda, dövlət qoruqlarında, ovçuluq təsərrüfatlarında və ev quşları arasında monitorinqlərin aparıldığı xatırladılır.

Bütün bunları nəzərə alaraq rayon (şəhər) baytarlıq idarələrinin rəislərinə, eləcə də quşçuluqla məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırılır ki, məsələnin vacibliyini nəzərə alaraq, bu sahədə nəzarəti gücləndirsinlər, baş verə biləcək quş qripi və digər quş xəstəliklərinin yayılma riskinin qarşısını almaq üçün lazımı tədbirlər həyata keçirsinlər.

Sərəncamda quşların tam qapalı şəraitdə saxlanması, onların köçəri və sinontrop quşlarla (sərçə, göyərçin, qarğa, qağayı və s.) təmasda olmasına yol verilməməsi, həyətyanı təsərrüfatlarda mövcud quşlar arasında monitorinqlərin aparılması, əhali arasında quş qripi xəstəliyinin profilaktikası məqsədilə sanitariya-maarifi işinin təşkili, quşların yetişdirilməsinə, daşınmasına, satışına və kəsiminə dövlət baytarlıq nəzarətinin gücləndirilməsi, ölkə daxilində diri quşların daşınmasının baytarlıq-sanitariya tələblərinə uyğun qapalı şəraitdə, xüsusi uyğunlaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçirilməsi, quşların daşınmasına və müəyyən edilmiş yerlərdə satışına müvafiq baytarlıq şəhadətnamələri və arayışları olduğu təqdirdə icazənin verilməsi, baytarlıq-sanitariya tələblərinə cavab verməyən, habelə Dövlət Baytarlıq Xidməti tərəfindən müəyyən edilməmiş yerlərdə diri quşların saxlanması, kəsilməsi və satılmasının qadağan edilməsi və digər vacib məsələlərin həyata keçirilməsi tapşırılır.

Həmçinin sərəncamda baytarlıq-sanitariya tələblərinə cavab verməyən, habelə Dövlət Baytarlıq Xidməti tərəfindən müəyyən edilməmiş yerlərdə diri quşların saxlanması, kəsilməsi və satılmasının qadağan edildiyi bildirilir. Eləcə də ərazidə çöl və ev quşları arasında kütləvi ölüm halları müşahidə olunarsa, dərhal Dövlət Baytarlıq Nəzarəti Xidmətinə məlumatın verilməsi, patoloji materialların Respublika Baytarlıq Laboratoriyasına göndərilməsi və cəsədlərin təlimata uyğun zərərsizləşdirilməsinin təmin edilməsi, "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblərin icrasında yol verilən qanun pozuntularına görə cavabdeh şəxslər qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməsi sərəncamda öz əksini tapıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *