Goranboyda xeyli yararsız ət aşkarlanıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Goranboy Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq aparılan tədbirlər çərçivəsində Goranboy şəhərində məlumat əsasında reyd keçirib.
Oxu.Az xəbər verir ki, reyd zamanı Goranboy şəhəri Cəlil Məmmədquluzadə küçəsi, ev 10-da yaşayan Rzayev İlqar Saşa oğlunun həyətində qeyri-qanuni, antisanitar vəziyyətdə fəaliyyət göstərən heyvan kəsim yeri müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən kəsim yerinə baytarlıq baxışı keçirilərkən bir baş, çəkisi 125 kq olan, üst-üstə tökülmüş vəziyyətdə üfunətli iy verən kəsilmiş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.
Aşkarlanmış heyvan cəmdəyindən müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək.
Belə qanunazidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli