Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağan edilir
Azərbaycanda bioloji fəallığa malik qida əlavələrinin xəstələr üçün həkim reseptinə yazılması qadağan edilir.
Aznews.info APA–ya istinadən xəbər verir ki, bu tip qida əlavələri dərman vasitəsi hesab edilməyəcək. Onların satışı ilə bağlı yeni tələblər irəli sürülür.
Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında bununla bağlı “Dərman vasitələri haqqında” qanuna yeni 14-1-ci (Bioloji fəallığa malik qida əlavələri) maddənin əlavə edilməsi müzakirə olunub.
Həmin maddədə bildirilir ki, bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədi ilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəzləmir. Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağandır.
Qida əlavələri dərman vasitəsi ilə eyni tərkibli ola bilməz. Bioloji fəallığa malik qida əlavələrinin dərman vasitələri ilə eyni tərkibli olub-olmamasını müəyyənləşdirmək məqsədilə bioloji fəallığa malik qida əlavələrini müvafiq icra hakimiyyəti orqanı ekspertizadan keçirir. Əlavələrin ekspertizadan keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti müəyyənləşdirir.
Qida əlavələrinin üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) aydın, seçilən, qalın hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuş “dərman vasitəsi deyildir” yazılmalıdır.
Bioloji fəallığa malik qida əlavələrinin satışı aptek təşkilatlarında, ərzaq mağazalarında və bu məqsədlər üçün təşkil olunmuş xüsusi köşklərdə sanitar-gigiyenik tələblərə əməl edilməklə həyata keçirilir.
Qeyd edək ki, bioloji qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsuldur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Mənbə:> APA