Yanmış “Admiral”ın azərbaycanlı sahibi saxlanıldı – VİDEO (YENİLƏNİB)
Kazanda yanmış “Admiral” ticarət mərkəzinin icarəçisi saxlanılıb.
Bu, “Zarya” MMC-nin rəhbəri Hüseyn Qəhrəmanovdur. İstintaq onunla bağlı operativ tədbirlər aparır. Saxlanılma prokurorluğun tələbi ilə həyata keçirilib.
Tatarıstan prokuroru İldus Nafikov həmçinin, ticarət obyektinin fəaliyyətində daha öncə qanunvericilik pozuntularını aşkar edən, amma onların aradan qaldırılması üçün heç bir tədbir görməyən məhkəmə icraatının vəzifəli şəxslərin, nəzarət orqanlarının məsuliyyəti barədə məsələ qaldırıb, Oxu.Az TASS-a istinadən xəbər verir.
Prokurorluğun əməkdaşlarının fikrincə Hüseyn Qəhrəmanov, insanların təxliyyəsini, eləcə də öz mallarını xilas etmək üçün alov bürümüş binaya daxil olan sahibkarların qarşısını almayan daxili təhlükəsizlik xidmətinin əməkdaşlarının işini təmin etməyib.
Üçmərtəbəli “Admiral” ticarət mərkəzində yanğın mart ayının 11-də baş verib. İlkin məlumata əsasən yanğının səbəbi kafedə elektrik şəbəkəsinin qısaqapanması olub. Alov qısa bir müddət ərzində 4 min kvadratmetrlik binanı bürüyüb. Son məlumata görə, yanğın nəticəsində 5 adam həlak olub və 15 nəfərdən çox adam isə ciddi zədələr alıb. Bina qismən dağılıb. Dağıntılar altında 25 nəfərə yaxın adamın qalması mümkündür.
12:35
“Admiral” ticarət evinin sahibini binanı yandıracaqları ilə hədələyirlərmiş.
Oxu.Az LifeNews-a istinadən xəbər verir ki, azərbaycanlı Hüseyn Qəhrəmanov – dünən Kazanda yanmış “Admiral” ticarət mərkəzinin sahibi həmin təhdidləri tamamilə real hesab edirmiş və buna görə də, ticarət mərkəzinin mühafizəsini təşkil edib, hətta “Zarya” MMC-nin direktorunun qohumları da gecə və gündüz növbətçilik çəkirlərmiş.
“Təhdid edirdilər, lakin bilmirəm kim. Mühafizədən başqa mənim qohumlarım və yaxın dostlarımın ailələri gecə və gündüz növbə çəkməli olurdular. Mühafizədən başqa 10 nəfərədək insan ətrafı gəzirdilər ki, belə şeylərdən qoruna bilək”, - deyə, “Admiral” ticarət mərkəzinin sahibi olan “Zarya” MMC-nin direktoru Hüseyn Qəhrəmanov danışır.
Qəhrəmanovun sözlərinə görə, dünənki dəhşətli yanğın zamanı bütün sahibkarlar və ziyarətçilər əvvəlcə yanan binanı tərk etdilər və qurbanların olmasının qarşısını almaq mümkün idi. Lakin sonra bir çoxları öz mallarının arxasınca ticarət mərkəzinə daxil oldular.
“Sahibkarlar mühafizəni, polisi, yanğınsöndürənləri aşıb keçərək, ticarət mərkəzinə daxil oldular. Alovu görəndə az qala dava salıb mallarını çıxarmağa başladılar. Biz onların qarşısını ala bilməzdik. Mühafizə, polisə qarşı qaz balonundan istifadə etdilər ki, mallarının arxasınca getsinlər, - deyə, Qəhrəmanov bildirib. – Əvvəlcə oradan hamı çıxdı, bütün ticarət mərkəzi boşaldı, lakin alovu görən kimi hamı geriyə qayıtdı. Hamının krediti, hamının borcu var. Görün 600 nəfərin qabağını ala bilərsiz...”.
Xatırladaq ki, üçmərtəbəli “Admiral” ticarət mərkəzində yanğın haqqında siqnal təxminən günorta saat 13:00 radələrində (Moskva vaxtı ilə) daxil olub.
Tatarıstan FHN-nin Baş İdarəsindən bildiriblər ki, ilkin məlumatlara görə, yanğın ticarət mərkəzində yerləşən kafedə baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər 200-ə yaxın kompleks işçisi və alıcını təxliyyə ediblər. Tezliklə “Admiral”ın dam örtüyü çöküb. Yanğın 4 min kvadratmetr ərazini əhatə edib.
Yanğın zamanı bir qadın, xəstəxanada isə üç kişi ölüb. Dəqiqləşdirilmiş məlumatlara görə, daha beş nəfərin vəziyyəti çox ağırdır.
Qəsdən yandırma hadisənin versiyalarından biri ola bilər. Yanğının şahidi Dmitri Savosin danışıb ki, son aylar Kazanda bazarlarda yanğınlar baş verir. Bu, son yarım ildə artıq beşinci yanğındır.
Mənbə:> Oxu.Az