İcra başçısı: "Rəhbərlik tapşırdı ki, söküntünü dayandıraq" – FOTO
“Sovetski" məhəlləsindəki "Hacı Cavad" məscidinin söküntüsü müvəqqəti dayandırılıb. Bunu jurnalistlərə açıqlamasında Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib. O, qeyd edib ki, bir qədər əvvəl icma üzvləri ilə görüşdə onlara ölkə rəhbərliyinə müraciət etməyi məsləhət görüb.
İ. Mehdiyevin sözlərinə görə, yeni məscidin tikintisi üçün yer ayrılandan sonra sökntü işləri aparılacaq:
"Məscidin sökülməsi müvəqqəti olaraq dayandırılıb. Yeni məscidin tikilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti yer ayırmalıdır. Bunun üçün icma üzvləri Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlara İş üzrə Dövlət Komitəsinə müraciət etməlidirlər. Bu məscid tarixi abidə kimi siyahıda yoxdur. Məscid kimi də icması qeydiyyata alınmayıb, ancaq insanlar burada ibarət edirlər", - deyə icra başçısı bildirib.
Bakı şəhərinin Baş Planına uyğun olaraq ərazidə abadlıq-quruculuq işləri aparıldığını deyən İ. Mehdiyev bildirib ki, bu bina da plana düşübsə, sökülməlidir.
“Rəhbərlik də tapşırdı ki, binanın söküntüsünü hələlik dayandıraq, yeni məscidin tikilməsi üçün yer müəyyənləşdirilsin, sonra söküntü aparılsın. Belə binalar Rayon İcra Hakimiyyətinin tabeliyində deyil. Bir məscid kimi mövcud olmadığı üçün Dövlət Komitəsinə, tarixi bina olmadığı üçün də Mədəniyyət və Turizm Nazirliyinə hər hansı aidiyyatı yoxdur. Məsləhət gördüm ki, dövlət məscidin tikintisinin dayandırılmasını tapşırıbsa, icma üzvləri də aidiyyəti qurumlara müraciət etsinlər. Onlar da bununla razılaşdılar”.
* * *15:16
Bu dəqiqələrdə Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev “Sovetski”də “Hacı Cavad” məscidinin söküləcəyi haqda xəbərləri eşidib etiraza toplaşan dindarlardan beş nəfərini danışıqlar aparmaq üçün özüylə aparıb.
Virtualaz.org hadisə yerindən xəbər verir ki, icra başçısı həmin nümayəndələrlə danışıqları yaxınlıqdakı yeni tikilməkdə olan çoxmərtəbəli binanın zirzəmi hissəsində, bağlı qapı arxasında aparır. İbrahim Mehdiyev bundan əvvəl jurnalistləri xəbərdar edib ki, baş verənlərlə bağlı rəsmi açıqlama verməyəcək.
* * *14:48
Bakının “Sovetski” məhəlləsi yaxınlığındakı “Hacı Cavad” məscidinin sökülməsi xəbərlərini eşidərək ora toplaşmış dindarların radikal qismi aksiyanı davam etdirir.
Virtualaz.org-un əməkdaşı hadisə yerindən xəbər verir ki, əraziyə yenidən polis qüvvələri cəlb edilir. Lakin polis hələ dindarlara müdaxilə etmir. Yasamal rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev də hazırda hadisə yerindədir. O, toplaşanlara deyib ki məscid sökülməyəcək. Polis rəisinin bildirdiyinə görə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı birazdan gəlib məscidin sökülməyəcəyi haqda sakinləri məlumatlandıracaq.
Yaxınlıqda yaşayan, dindarların “Qurban əmi” deyə tanıtdıqları ağsaqqal aksiyaçıların qarşısında bildirib ki, o, rəsmi orqanlarla danışıb və məscidin hələlik sökülməyəcəyini dəqiqləşdirib. Buna görə də dağılışmaq lazımdır. Ağsaqqalın bildirdiyinə görə, rəsmilər ona deyiblər ki, “Sovetski” məhəlləsinin yenidən qurulması layihəsi çərçivəsində orada yeni məscid də inşa ediləcək və “Hacı Cavad” məscidi ancaq bundan sonra söküləcək. Lakin dindarların radikal qismi onun dağılışmaq çağırışına əməl etmək niyyətində deyillər.
* * *14:24
Bakının sökülməkdə olan "Sovetski" məhəlləsinin yaxınlığında yerləşən "Hacı Cavad" məscidinin ərazidəki yenidənqurma işləri ilə bağlı söküləcəyi barədə xəbərləri eşidib məscidin qarşısına toplaşan dindarlardan bir qismi dağılışıb.
Virtualaz.org-un əməkdaşı hadisə yerindən xəbər verir ki, etirazçıların bir qismi dağılışsa da qalanları daha aqressi görünürlər, bildirirlər ki, axşama qədər gözləyəcəklər, hətta gecəni də burada qalmağa hazırdırlar, "Məscidin sökülməsinə imkan verməmək üçün lazım olsa günlərlə buradan çəkilən deyilik"-dindarlar deyir.
Ərazidə polis gözə dəymir və dindarlara müdaxilə edilmir. Bununla belə məscidin qarşısına toplaşanlardan 3-4 nəfərinin daha əvvəl saxlanıldığı məlum olub.
* * *14:02
Son məlumatlara görə polis "Sovetski" məhəlləsi yaxınlığında yerləşən, sökülməsi gözlənilən "Hacı Cavad" məscidinin ətrafından çəkilib.
Hazırda ərazidə heç bir polis gözə dəymir. Məscidin qarşısında 200-dən çox dindar gözləməkdədir. Onlar təkcə həmin ərazidə yaşayanlar deyil, Bakının müxtəlif yerlərindən-Günəşlidən, Binədən, Hövsandan gələnləri də var. Toplaşanlar deyirlər ki, "Hacı Cavad" məscidinə ibadət üçün gəlirdilər və indi binanın sökülməsi xəbərlərindən narahat olublar. İstəmirlər ki, tarixi abidə kimi qorunan bu məscid sökülsün.
* * *13:49
"Sovetski" məhəlləsinin yaxınlığında yerləşən, söküləcəyi gözlənilən "Hacı Cavad" məscidinin qarşısındakı etirazlarla bağlı hadisə yerinə gedən baş nazirin müavini Yaqub Eyyubov artıq ərazini tərk edib.
Virtualaz.org-un əməkdaşı hadisə yerindən xəbər verir ki, məscidin qapısı bağlanıb, dindarlar içəri buraxılmır, onlar məscidin qarşısında gözləməkdədir. Gərginlik müşahidə olunmur, polis hələlik dindarlara müdaxilə etmir.
Mənbə:> Virtualaz.org