İlham Əliyev Moskvada məscidin açılışına dəvət olundu
Sentyabrın 23-də Moskvada Cümə məscidinin açılışı tarixi hadisə olacaq.
Oxu.Az “Vestnik Kavkaza” saytına istinadla xəbər verir ki, bu barədə Rusiyanın Müftilər Şurasının sədr müavini Ruşan Abbyasov deyib.
“Təxminən bir həftə sonra biz kompleksin qapılarını açacağıq. Bu olduqca sevindirici hadisədir. Bu, yalnız Moskva müsəlmanları üçün deyil, bütün müsəlman dünyası üçün tarixi hadisədir”, - o bildirib.
Ruşan Abbyasov“Vestnik Kavkaza”nın müxbirinə deyib ki, məscidin açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyev və Allahşükür Paşazadə də dəvət olunublar.
“Biz qardaş Azərbaycan xalqının nümayəndələrinin açılışa qatılacağını səbirsizliklə gözləyirik. Biz prezident İlham Əliyev və Allahşükür Paşazadəyə də dəvətnamə göndərmişik ki, onlar da Moskvada Cümə məscidinin açılışında iştirak etsinlər. Sözsüz ki, bu gün Rusiyada çoxlu sayda azərbaycanlılar yaşayır və onlar məscidin tikilməsinə əhəmiyyətli töhfə veriblər”, - o qeyd edib.
Mənbə:> Oxu.Az