İslam dünyasının liderləri Moskvada toplaşacaqlar
Sentyabr ayında islam dünyasının liderləri Moskvada toplaşacaqlar. Səbəb çox uyğundur – Moskvada Mir prospektində məscidin açılışı olacaq.
Dəvət edilənlər siyahısında Səudiyyə Ərəbistanının, Fələstinin, İordaniyanın, Qətərin, Küveytin, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın, Azərbaycanın, Türkmənistanın, Özbəkistanın, Tacikistanın, İranın və digər dövlətlərin başçıları var.
Oxu.Az xəbər verir ki, “İzvestiya”nın məlumatına əsasən tədbir sentyabr ayının ikinci yarısına planlaşdırılıb, tarix olaraq 23 sentyabr göstərilib.
Rusiya Federasiyası muftilərinin Şurasında açılışın müsəlmanların müqəddəs bayramı olan Qurban bayramı ərəfəsində olacağı bildirilib.
Tədbirdə iştirak edəcəklərini ilk olaraq ABŞ, Türkiyə, Hindistan, Çad, Sudan, Liviya, İraq bildirib.
Məscidin inşasına bir çox islam ölkələrinin rəhbərləri nəzarət ediblər. Məsələn, Türkiyə tərəfinin töhfəsi məscidin Türkiyə rəssamları tərəfindən bəzədilməsi olub.
Moskva məscidi tutumuna görə Avropada ən böyük məscid olacaq. Onun sahəsi 19 min kvadrat metrdir. Məscid altı mərtəbəli olacaq. Qadınlar və kişilər üçün namaz zallarından başqa məsciddə konfrans zalı, eləcə də sərgi qalereyası olacaq.
Mənbə:> Oxu.Az