Polis məscidin qabağında şübhəli kolbasa satan dindarları yaxaladı - FOTOLAR
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) radikal dini qrup üzvlərinin qanunsuz ticarətlə məşğul olması faktı ilə bağlı araşdırmalara başlayıb.
İdarədən AZXEBER.COM-a verilən məlumata görə, paytaxt ərazisində radikal dini qrup üzvləri tərəfindən mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış kolbasaların məscidlərin önündə qanunsuz satışının təşkil edilməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bu məlumatların araşdırılmasına dair Daxili İşlər Nazirliyinin göstərişi əsasında, BŞBPİ əməkdaşları göstərilən ünvanlara baxış keçirib, qanunsuz ticarətdə şübhəli bilinən Şabran rayon sakini, Bakı şəhərində qeydiyyatsız yaşayan, radikal dini təriqətə mənsub olduğu ehtimal edilən, 1983-cü təvəllüdlü Sultanov Fikrət İsaməddin oğlundan izahat alınıb.
Araşdırma nəticəsində məlum olub ki, dindar insanların daha çox toplaşdığı məscidlərin önündə “VAZ-2107” markalı, 90 UH 617 dövlət nömrə nişanlı avtomobillə “halal” adı altında kolbasaların qanunsuz satışı təşkil olunur. Avtomobilin sürücüsü Fikrət Sultanov “VAZ-2107” markalı 90 UH 617 dövlət qeydiyyat nişanlı avtomaşınla ibadət etmək məqsədilə məscidə getdiyini, lakin həftənin cümə günləri topdansatış mağazalarından 1 kiloqramını 5,40 – 7.00 manata aldığı müxtəlif növ kolbasa məmulatlarının üzərində olan markaları saxtalaşdıraraq (“halal” adı ilə) gəlir əldə etmək məqsədilə qanunsuz ticarət fəaliyyəti göstərdiyini etiraf edib. Həmin malları ona satan, satıcı Babayev Rəhman Movsümağa oğlunun da izahatı alınıb.
Faktla bağlı BŞBPİ-də araşdırmalar davam etdirilir.
Mənbə:> AZXEBER.COM