Cəlilabadda at kəsimi ilə məşğul olan şəxs qanunsuz əməlini yenidən davam etdirib – FOTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə uyğun ölkə ərazisində epizootoloji sabitliyin və qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə dövlət baytarlıq nəzarətini həyata keçirir.
DBNX-nin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, martın 30-da məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Cəlilabad rayonu, Maşlıq kəndinin ərazisində yerləşən, Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasına baxış keçirərkən mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, baytarlıq nəzarətindən keçməyən, arıq, xəstəliyə şübhəli, antisanitar şəraitdə kəsim üçün hazırlanmış 32 (otuz iki) baş müxtəlif yaş qrupundan olan atlar və təzə kəsilmiş 31 baş atın daxili orqanları (qaraciyəri, ağciyər və s.) və fermanın həyətində xüsusi qazılmış çalada təzə kəsilmiş 31 ədəd atın baş-ayağı, ətdən ayrılmış at skeletləri, mötəviyyatla dolu mədə və bağırsaqlar, ana bətnində tam formalaşmış döl (at balası) və atın dəriləri, eləcə də fermanın ərazisində ətrafa səpələnmiş çoxlu miqdarda köhnə at sümükləri (kəllə sümüyü, ön və arxa ətraf sümükləri, qabırğa və digər skeletlər) aşkar edilməsi barədə məlumat vermişdik. Bildrmişdik ki, Saqif Abbasov köhnə quşçuluq fermasında antisanitar şəraitdə, qanunsuz, gizli olaraq, baytarlıq nəzarətindən kənar at kəsimi və at ətinin tədarükü ilə məşğul olub.
Aprelin 1-i axşam saatlarında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Cəlilabad Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları yenidən Saqif Abbasova məxsus köhnə quşçuluq fermasına baxış keçiriblər. Baxış zamanı təsərrüfat sahibinin bir neçə şəxslə əlbir olaraq yenidən at kəsimi ilə məşğul olduğu aşkarlanıb.
Saqif Abbasov və əlbir olduğu şəxslər baytarlıq idarəsinin və polis əməkdaşlarının fermaya gəldiyini görərək oradan qaçıblar. Məlum olub ki, S. Abbasova məxsus 32 baş atdan 4 başı antisanitar şəraitdə kəsilərək satışa hazırlanıb.
Fermada kəsilmiş atlardan 1 başının cəmdəyi bütöv halda, şaqqalara bölünmək üçün taladan asılmış, digər 3 baş at cəmdəyi 15 şaqqalara bölünmüş və qarmaqlardan asılmış vəziyyətdə, satış məqsədi ilə hazırlanaraq polietilen vannalara yığılmış sümükdən ayrılmış 76 kq at əti aşkarlanıb. Həmçinin orada kəsilmiş atların 4 ədəd baş-ayağı və daxili orqanları aşkar olunub.
Aşkar edilmiş at cəmdəklərindən, sümükdən ayrılmış ətlərdən və atların daxili orqanlarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Fermada aşkar edilən ümumi çəkisi 600 kq olan at ətləri Cəlilabad Rayon Baytarlıq İdarəsinin saxlama kamerasına yerləşdirilib.
Fermada qalan 28 baş atlar isə Cəlilabar Rayon Polis Şöbəsində istintaq araşdırmaları başa çatana kimi ferma sahibi (polis əməkdaşları tərəfindən tapılıb gətirilən) Saqif Abbasova təhvil verilib.
Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasında aşkar edilən kəsilmiş at cəmdəklərindən, sümükdən ayrılmış ətlərdən və atların daxili orqanlarından götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.
Mənbə:> Virtualaz.org