"Gələcəyi KOD-la!" adlı interaktiv seminar keçirilib
Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzi- nin təşkilatçılığı ilə MilliByte İTM şirkəti tərəfindən "Gələcəyi KOD-la!" adlı interaktiv seminar keçirilib.
AzNews.info xəbər verir ki, seminarı giriş nitqi ilə açan GVİİM-in direktoru Vüqar Əliyev, Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin fəaliyyət göstərdiyi müddətdə bir çox iri şirkətlərlə əməkdaşlıq edərək sırf tələbələr üçün təlim və seminarların həyata keçirildiyini vurğulayıb. O, uğurlu əməkdaşlıqların növbəti addımı olaraq, MilliByte İTM şirkəti tərəfindən keçirilən seminarı tələbələrə təqdim edib, onlara uğurlar arzulayıb.
Seminar Kompüter Elmləri, İnformasiya Texnologiyaları və Sistemləri və digər İT ixtisasları üzrə ali məktəbə qəbul olan, eləcə də, bu ixtisaslardan fərqli bir ixtisasda təhsil alan amma bu sahəyə ciddi marağı olan tələbələrin hansı addımları ata biləcəkləri məqsədini daşıyıb.
Seminarı FHN-Sistem İnteqratoru, Proqramçı, DBA mütəxəssisi Tural Nağıyev aparıb.
Tural Nağıyev çıxışında İnformasiya Texnologiyaları sahəsinin çox geniş sahəyə malik olduğunu, nədən və necə başlamaq məsələsində düzgün istiqamətlərə necə yönəlmək lazım olduğunu, müxtəlif İT sahələri üzrə praktiki bilikləri necə əldə edə biləcəklərini, müasir proqramlaşdırma dilləri, qabaqcıl sistem və şəbəkə texnologiyaları haqqında məlumatı necə öyrənə biləcəklərini tələbələrə təqdim edib.
Bundan əlavə, yaxşı bir İT-mütəxəssisi kimi ali məktəbi bitirib, məzun olduqdan sonra İT-mütəxəssisi kimi yaxşı bir işə qəbul olmaq haqqında gəncləri məlumatlandıraraq, seminar iştirakçılarının mövzu ilə əlaqəli müxtəlif tipli suallarını cavablandırıb.
O, seminarını “Görmək istəyən üçün yetərincə işıq, istəməyən üçün qaranlıq vardır” sözləri ilə bitirib.
Mənbə:> AzNews.info