“Torpaq uğrunda ölən varsa Vətəndir” adlı layihəyə çərçivəsində sərgi-tədbir keçirildi
AzNews.info xəbər verir ki, 2016-cı il noyabrın 2-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında cari ilin aprel döyüşlərində həlak olan polkovnik Vüqar Yusifova həsr olunmuş sərgi-tədbir keçirildi.
Bu ildən Azərbaycan İstiqlal Muzeyi Milli Qəhrəmanlarımızı bir daha anmaq məqsədilə “Torpaq uğrunda ölən varsa Vətəndir” adlı layihəyə start verib. Bu layihə çərçivəsində Muzey Bakı şəhərində yerləşən bir sıra məktəblərdə, hərbi hissələrdə Milli Qəhrəmanların, onların ailə üzvlərinin iştirakı ilə müxtəlif tədbirlər, sərgilər keçirib. Bu layihənin növbəti tədbiri polkovnik Vüqar Yusifova həsr olunub.
Vüqar Yusifov 2 noyabr 1976-cı ildə Şəmkir Rayonunun Şiştəpə kəndində dünyaya gəlmişdir. Türkiyə Respublikasında Quru Qoşunları Ali Hərbi Məktəbində təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra, Azərbaycana qayıdıb və Müdafiə Nazirliyinin N saylı Xüsusi Təyinatlı hərbi hissəsində rota komandiri kimi fəaliyyətə başlamışdır. Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsində işləyən Vüqar Yusifov, polkovnik rütbəsinə kimi ucalmışdı. Aprelin 4-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.
Muzeydə təşkil olunmuş sərgidə Vüqar Yusifovun şəxsi əşyaları nümayiş olundu.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Millət vəkili, iqtisad elmləri üzrə fəlsəfə doktoru Mahir Abbaszadə, döyüş yoldaşları və dostları Anar Hüseynli və Xəyyam Əsgərov, qohumu Əliyar Fərzəliyev, Azərbaycan Ordusunun polkovniki Xətai Baxışov çıxış etdilər və Vüqar Yusifova həsr olunmuş sənədli film və klip nümayiş olundu.
Tədbirdə Vüqar Yusifovun ailə üzvləri və dostları, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak etdilər.
Mənbə:> AzNews.info