Xocalı soyqırımına həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir təşkil olunacaq
2016-cı il fevralın 23-də saat 1500-da Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin sərəncamına uyğun olaraq, Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İçərişəhər Tarixi Muzeyi birgə Xocalı soyqırımına həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir təşkil olunacaq.
AzNews.info xəbər verir ki, tədbirdə Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətin Xocalı soyqırımına həsr etdiyi “XX əsrin faciəsi - Xocalı” adlı rəsm əsərinin təqdimatı keçiriləcək.
Ə.Heybət 1951-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra Tbilisi Rəssamlıq Akademiyasında, daha sonra isə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 1980-ci ildə Moskvada keçirilən Yay Olimpiya oyunlarının bədii tərtibatında iştirak edən rəssam, Moskvada fəaliyyətini davam etdirərək, böyük uğur qazanır. Ə.Heybət çox geniş diapozona malikdir. O, portret, mənzərə, natürmort janrlarında işlədiyi əsərlərlə bərabər, iri həcmli monumental əsərlərin də müəllifidir.
7 il öncə Əşrəf Heybətin yaratdığı “XX əsrin faciəsi- Xocalı” adlı pannonun təqdimatı Berlində baş tutmuşdur. Ölçüsü 2,5×1 metr olan triptixdə müəllif Azərbaycan xalqına qarşı soyqırımın bütövlükdə bəşəriyyətə yönələn cinayət xarakterini açmağa müvəffəq olmuşdur. Bədii obrazlar vasitəsilə faciənin bütün dəhşətlərinin əks olunduğu əsərdə əsasən sənətkar parlaq qırmızı, qatı qara rənglərdən və xəttlərdən istifadə etmişdir.
2008-ci ildə Ə.Heybət 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar - Bakı” pannosu, 2016-cı ildə isə Xocalı faciəsinə həsr olunmuş diptixi Azərbaycan İstiqlal Muzeyinə hədiyyə verilmişdir.
Əşrəf Heybət Rusiya Federasiya Rəssamlıq Akademiyasının həqiqi, bu ölkənin Rəssamlar İttifaqının, UNESCO-nun Rəssamlar Federasiyasının, Almaniya Rəssamlar Birliyini üzvü, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür.
Milli Məclisin üzvləri, elm xadimləri, Respublikamızda fəaliyyət göstərən səfirliklərin nümayəndələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunların şəxsi heyəti və digər qonaqların iştirakı nəzərdə tutulan tədbirdə “Günay Uşaq Teatrı” tərəfindən hazırlanan Xocalı faciəsinə həsr olunmuş kompozisiya nümayiş olunacaq.
Mənbə:> AzNews.info