Xocalı soyqırımı Niderland kanalında
Niderland Krallığının "NPO 2" televiziya kanalında Xocalı soyqırımına həsr olunmuş proqram yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, kanalın müsəlmanlar üçün təsis edilən yayım qurumunda efirə gedən 10 dəqiqəlik proqramda Benilüks Azərbaycan Konqresinin (BAK) Xocalı soyqırımı ilə bağlı anım tədbirlərinə geniş yer verilib.
Telekanalın əməkdaşı Burhanettin Çarlakın hazırladığı proqramda Ermənistanın Azərbaycana təcavüzü, 20 faiz torpağımızı işğal altında saxlaması, bir milyondan artıq insanın öz torpağından didərgin düşməsi, Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımı, insanların ağlasığmaz işgəncələrlə öldürülməsi azərbaycanlı və türk müsahiblərin dili ilə tamaşaçıların diqqətinə çatdırılıb.
Verilişdə Azərbaycan və Türkiyə türkləri ilə yanaşı, hollandların çıxışlarına da yer ayrılıb. Holland jurnalist Jack Kroes öz müsahibəsində 23 il əvvəl Xocalıda törədilmiş faciəni heç bir bəraəti olmayan cinayət adlandırıb. Avropa Şurası, Avropa Parlamenti, Beynəlxalq Ədalət Məhkəməsi kimi beynəlxalq qurumları Xocalı faciəsinə ədalətli qiymət verməyə, günahkarların cəzalandırılması üçün konkret addımlar atmağa çağıran J.Kroes bu istiqamətdə Azərbaycanın səylərini daha da gücləndirməsinin də vacib olduğunu bildirib.
Niderland televiziyasında yayımlanan proqramda bu ölkədə yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası, Benilüks Azərbaycanlıları Konqresi və təşkilatın nəzdində fəaliyyət göstərən Ana dili məktəblərinin fəaliyyətinə də toxunulub.
Qeyd edək ki, bu, yerli telekanalda Azərbaycan haqqında ilk veriliş deyil. Jurnalist Burhanettin Çarlak daha əvvəl də Niderland televiziyaları üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Azərbaycan mədəniyyəti və digər mövzularda geniş reportajlar, proqramlar hazırlayıb.
Mənbə:> ANSPRESS