“Gənc memarların xəyalları” adlı tədbir-sərgi keçirildi - FOTO
AzNews.info xəbər verir ki, 2016-cı il mayın 18-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Gənc memarların xəyalları” adlı tədbir-sərgi keçirildi.
Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildən etibarən hər il mayın 18-də dünyanın mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Gününü qeyd edir. Həmin gün bütün muzeylərdə “Açıq qapı” elan olunur, müxtəlif tədbirlər, sərgilər keçirilir. Beynəlxalq Muzeylər Şurası (İKOM) 2016-cı ilin Muzeylər Gününü "Muzeylər və mədəni landşaftlar" mövzusuna həsr edib.
Hər il ənənəvi olaraq Beynəlxalq Muzeylər Günündə Azərbaycan İstiqlal Muzeyində tədbir-sərgi təşkil olunur. Bu il muzeyimizdə təşkil olunan sərgidə Azərbaycan Memarlıq və İnşaat Universitetinin və digər rəssamların 34 əsəri nümayiş olundu.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Beynəlxalq Maarifçilik Akademiyasında Dekorativ-tətbiqi sənət üzrə rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət fakültəsinin dekanı İmran Kərimov çıxış etdilər və Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii-Yaradıcılıq Evinin üzvləri musiqili kompozisiya səsləndirdilər.
Tədbirdə rəssamlar, Azərbaycan Memarlıq və İnşaat Universitetin tələbələri, Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii-Yaradıcılıq Evinin üzvləri, Bakı şəhərində yerləşən müxtəlif məktəblərin şagirdləri və digər qonaqlar iştirak etdilər.
Mənbə:> AzNews.info