Moskvada ikinci “Azərbaycan Görüşlər Sənayesi” adlı işgüzar görüş təşkil olunacaq
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu və nazirliyin Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent“ şirkəti ölkəmizdə işgüzar turizmin inkişafı məqsədilə Moskvada “Azərbaycan Görüşlər Sənayesi” adlı işgüzar görüşünü təşkil edəcək.
AzNews.info xəbər verir ki, Sayca ikinci dəfə təşkil olunacaq bu işgüzar görüş bu ilin noyabr ayının 3-də baş tutacaq və Rusiyanın işgüzar turizm sahəsində çalışan nüfuzlu təşkilat və vasitəçilərini büronun tərəfdaşları ilə bir araya gətirəcək. Tədbir zamanı Büronun tərəfdaş şirkətləri və Rusiya alıcıları arasında üz-üzə görüşlər keçiriləcəkdir.
Tədbirdə Büronun tərəfdaşları sırasından “Boulevard Hotel Baku”, “Fairmont Hotel Baku”, “Holiday Inn Hotel Baku”, “Hilton Hotel Baku”, “Hyatt Regency Baku”, “Jumeirah Bilgah Beach Hotel”, “Park Inn by Radisson Baku”, “Shahdag Mountain Resort”, “Caspian Event Organisers”, “Pasha Travel” və “BCD Global Travel” iştirak edəcək.
Görüşün əsas məqsədi Rusiya bazarının Azərbaycan görüşlər sənayesinə olan marağını artırmaqdır.
Tədbir ilk olaraq 2015-ci ilin oktaybr ayında təşkil olunmuş və Rusiyada böyük marağa səbəb olmuşdur.
Nəzərə çatdırmaq vacibdir ki, belə tədbirlərin keçirilməsi Azərbaycanda işgüzar turizmin inkşafına dəstək olmaqla yanaşı, həmçinin yerli turizm şirkətləri və mehmanxanaların işinin yaxşılaşdırılması, Rusiyadan olan turistlərin sayının artırılması və bunun sayəsində yerli iqtisadiyyatın şaxələndirilməsi üçün olduqca əhəmiyyətlidir.
Mənbə:> AzNews.info