Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkəmizə cəlb olunmuş böyük konfransın açılışı baş tutub – FOTO
Azərbaycana beynəlxalq sərmayələri cəlb etməklə, ölkəmizi dünyanın bənzərsiz görüşlər məkanına çevirmək istiqamətində durmadan çalışan Azərbaycan Konqreslər Bürosu daha bir uğura imza atıb.
AzNews.info xəbər verir ki, ilk dəfə olaraq Azərbaycan Konqreslər Bürosunun təşəbbüsu və dəstəyi ilə “Baku Glass 2016” beynəlxalq tədbiri ölkəmizdə təşkil olunur.
“Baku Glass 2016” Təşkilat Komitəsi beynəlxalq əhəmiyyətli bu tədbirin yüksək səviyyədə təşkil olunması məqsədi ilə məhz Azərbaycan Konqreslər Bürosuna müraciət edib. Büro isə öz növbəsində tədbirin uğurla keçirilməsi və bütün tərəflərin bu tədbirdən tam şəkildə faydalana bilməsi üçün böyük bir səylə çalışıb.
İki yüzə qədər nümayəndənin iştirak etdiyi bu beynəlxalq əhəmiyyətli tədbir öz işinə mart ayının 1-də “Holiday Inn Hotel Baku”-da başlayıb.
Qafqazda şüşə istehsalı sahəsi və emal sənayesində çalışan təchizatçı, mütəxəssis, rəhbər və beynəlxalq ekspertlər bu sahədəki ən son yenilikləri öyrənmək, biznesi inkişaf etdirmək və müzakirələr aparmaq üçün Bakıda görüşmək imkanı əldə edib.
Tədbir iştirakçıları “Baku Glass 2016”-a qoşulmaqla yanaşı ölkəmizin turizm sahəsinin təqdim etdiyi imkanlarla, yaradılan infrastruktur, dəbdəbəli mehmanxana və möhtəşəm məkanlarla tanış olacaqdır.
Eyni zamanda qeyd etmək gərəkdir ki, ölkəmizdə səfərdə olan xarici qonaqlar həmçinin iqtisadiyyata birbaşa töhfə verirlər. Beləki, səfər zamanı onlar nəqliyyat, mehmanxana və digər infrastrukturdan istifadə zamanı məsrəfləri ödəyir, və bununla da ev sahibi olan şəhərə birbaşa gəlir gətirirlər.
İki günlük tədbir çərçivəsində seminarların və “Glass Performance Days” konfransının təşkili və həmçinin sərgi sahəsində beynəlxalq şirkətlərin öz stendləri ilə təmsil olunması planlaşdırılır. “Glass Performance Days” konfransında həmçinin İtaliya Respublikası və Finlandiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirlərinin iştirakı gözlənilir ki, bu da keçirilən tədbirin ölkəmiz üçün əhəmiyyəti və vacibliyini bir daha təsdiqləyir.
“Baku Glass 2016” əsasən İtaliya, Almaniya, Rusiya və Türkiyədən olan şirkət və təchizatçıları bir araya gətirir. Tədbir çərçivəsində xarici təchizatçılar Azərbaycanın yerli mütəxəssisləri və ekspertləri ilə görüşərək birgə iş birliyi imkanlarını araşdırmaq imkanını əldə edəcəkdir.
Keçirilən görüş və müzakirələrə əsaslanaraq demək olar ki, Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə baş tutan bu tədbir nəinki ölkənin biznes turizm sahəsini inkişaf etdirmək, həmçinin paralel olaraq istehsal kimi digər bir çox sahələrə dəstək olmaq baxımından çox əhəmiyyətli olacaqdır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəznində fəaliyyət göstərən və turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Azərbaycan Konqreslər Bürosu 2013-cü ilin sonlarından fəaliyyətə başlayıb.
Büronun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.
Mənbə:> AzNews.info