Turizm günü qeyd ediləcək
Azərbaycanda turizm günü qeyd ediləcək.
ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinə istinadla verdiyi məlumata görə, Bakıda Dünya Turizm Gününə həsr olunmuş konfransın və müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulub.
Konfransın proqramına uyğun olaraq Ümumdünya Turizm Təşkilatının Baş katibinin rəsmi video mesajından və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəsmi açılış nitqindən sonra Azərbaycanda turizmin inkişafını təsvir etdən video çarx nümayiş olunacaq. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən həyata keçirilmiş "Ölkəmizi tanıyaq" layihəsi haqqında, "Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi" layihəsi barədə, Azərbaycanda yeni yaradılmış "City Sightseeing Baku" şirkətinin yerli və xarici qonaqlara göstərilən xidməti barədə, Azərbaycan Konqreslər Bürosunun fəaliyyəti haqqında, I Avropa oyunlarının Azərbaycanda keçirilməsi barədə, "Baku Guide" bələdçi kataloqunun təqdimatları keçiriləcək. Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Turizm İşçisi" döş nişanı ilə təltiflər, həmçinin, Bak Turizm İnformasiya Mərkəzinin Fəxri Diplomları ilə təltif olmalar həyata keçiriləcək.
2014-cü il "Ümumdünya turizm günü"-nün qeyd olunması münasibəti ilə 27 sentyabr tarixində saat 10:00-dan Mədəniyyət və Turizm Nazirliyinin və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin tabeçiliyində olan turizm nümayişi obyektlərinə (muzeylərə, qoruqlara, komplekslərə və abidələrə) bir günlük pulsuz giriş (açıq qapı) elan olunacaq.
Bu tədbirlər çərçivəsində 27 sentyabr tarixində axşam saatlarında İçəri şəhər (Qız Qalası yaxınlığında) 17:00-dan, Filarmoniya bağı 19:00-dan və Fəvvarələr meydanı ərazisində 20:00-dan paytaxt sakinləri və şəhərimizin qonaqları üçün iki saatlıq proqramla canlı Caz musiqisinin ifa edilməsi nəzərdə tutulub.
Mənbə:> ANSPRESS