Azərbaycan Konqreslər Bürosu “ACE of MICE 2016”-da iştirak edib
Əsas məqsədi Azərbaycana beynəlxalq investisiyaların cəlb olunması və ölkəmizin biznes turizminin təbliği olan Azərbaycan Konqreslər Bürosu artıq üçüncü dəfədir ki, “ACE of MICE” - konqres, görüş və tədbirlər sahəsi üzrə beynəlxalq turizm sərgisində iştirak edir.
AzNews.info nazirliyə istinadən xəbər verir ki, Türkiyənin işgüzar turizm bazarında önəmli yer tutan “ACE of MICE 2016” sərgisi 16-18 mart tarixlərində İstanbul şəhərində baş tutub.
Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Büronu tədbirdə satış və marketinq üzrə menecer Ayan Zeynalova təmsil edib.
Türkiyənin Azərbaycan üçün önəmli bazarlardan biri olduğunu nəzərə alaraq, bu tədbirdə Azərbaycan Konqreslər Bürosunun bir sıra tərəfdaş və üzvləri də iştirak edib.
Tədbir zamanı, Büro Türkiyənin assosiyasiyaları və cəmiyyətləri ilə bir sıra uğurlu görüşlər keçirib. Bu il “ACE of MICE” sərgisində 270-ə yaxın şirkət, 660-dan çox təcrübəli alıcı və 12 minə yaxın ziyarətçi bir araya gəlib.
“ACE of MICE” sənayenin peşəkarlarını və liderlərini bir araya gətirir, milli və beynəlxalq səviyyədə sektoru araşdırmağa yardımçı olur, həmçinin yeni müştərilər qazanmaq üçün qlobal platforma təklif edir.
Xarici sərmayələrin cəlb olunması və dünya turizm bazarında əvəzolunmaz görüşlər məkanı statusunun qazanılması baxımından Azərbaycan Konqreslər Bürosunun bu cür tədbirlərdə iştirak etməsi olduqca vacib hesab olunur. Eyni zamanda, belə tədbirlərdə Azərbaycanın turizm potensialının tanınması turizm sahəsində görülən işlərə böyük bir dəstəkdir.
Mənbə:> AzNews.info