Gənc mədəniyyət işçiləri arasında növbəti debatlar
AzNews.info xəbər verir ki, 2016-cı ilin 14 dekabr tarixində Zaqatala rayonunda MEMM-in təşkilatçılığı ilə gənc mədəniyyət işçiləri arasında növbəti debatlar təşkil olunmuşdur.
Zaqatala rayon Heydər Əliyev mərkəzində təşkil olunmuş debatlarda eyni zamanda Qax və Balakən rayonlarının mədəniyyət işçiləri də iştirak etmişdir. Debatların əsas müzakirə mövzusu “Mənim peşəkar mədəniyyət işçisi olmağıma mane olan səbəblər”olmuşdur.
Tədbiri açan Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva debat iştirakçılarını salamlayaraq mədəniyyət sahəsində rayonda görülən işlər haqqında geniş məlumat vermiş və daha böyük uğurlara nail olunmasında gənclərin böyük rolunu qeyd etmişdir.
Debatlar zamanı, ölkəmizdə aparılan mədəniyyət siyasətinin xüsusiyyətlərini və strateji prioritetlərini bildirən Mərkəzin direktoru Asif Usubəliyev, mədəniyyət sahəsinin yerlərdə nüfuzunun və mədəniyyət işçilərinin peşəkarlıq dərəcəsinin artırılmasının zəruriliyini vurğulamışdır.
Ətraflı müzakirələr şəklində keçirilmiş debatlarda gənc mədəniyyət işçiləri öz fəaliyyətində rastlaşdığı çətinlikləri qeyd etmiş və onların həlli istiqamətində hər bir gənc mədəniyyət işçisinin fərdi qaydada peşəkarlıq keyfiyyətlərinə yiyələnməsinin zəruriliyini bildirmişlər.
Mənbə:> AzNews.info