Ağstafa şəhərində növbəti regional görüş – FOTO
AzNews.info xəbər verir ki, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İş planına əsasən, 12 may 2016-cı il tarixində Ağstafa şəhərinin Yeni Azərbaycan Partiyasının inzibati binasında Ağstafa, Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının mədəniyyət müəssisələrində çalışan işçilər, habelə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrup”unun üzvləri ilə növbəti regional görüş keçirilmişdir.
Görüşdə Ağstafa rayon İcra başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Lalə Eyyubova, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gülgün Kərimov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev və Mərkəzin əməkdaşları iştirak etmişlər.
Lalə Eyyubova əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin töhfələrindən söz açaraq qonaqları salamlamaq üçün sözü rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gülgün Kərimova vermişdir. Mərkəzin əməkdaşları şöbələrin təyinatı, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” nun fəaliyyəti, prioritet istiqamətləri və əhəmiyyəti haqqında məlumat vermişlər.
Mərkəzin direktoru Asif Usubəliyev mədəniyyət siyasəti, mədəniyyət müəssisələrinin digər sahələrlə inteqrasiyası, təbliğatı və populyarlaşması haqqında öz fikirlərini bildirmişdir.
Sistemdə təşəbbüskarlıq və yaradıcılıq keyfiyyətlərinin stimullaşdırılmasının əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılmış, müxtəlif təkliflər səsləndirilmişdir.
Tədbirdən sonra digər rayonlardan Ağstafa rayonuna gələn gənc əməkdaşlar yeni tikilmiş Heydər Əliyev Mərkəzi, Musiqi Mərkəzi, Mədəniyyət evi və Azərbaycan parkı ilə tanış olub, birgə xatirə şəkli çəkdirmişlər.
Mənbə:> AzNews.info