Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramının koordinatorları ilə Nazirlikdə görüş keçirilmişdir
AzNews.info xəbər verir ki, 16 sentyabr 2016-cı il tarixində nazir müavini Sevda Məmmədəliyeva ilə Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramının koordinatorları Raqnar Siil, Simon Ellis, Britaniya Şurasının (British Council) Azərbaycan üzrə direktoru Elizabet Vayt, əməkdaşları Dilarə İbrahimova, Sevinc Ağazadə (proqramın yerli koordinatoru) və ekspert Cahangir Səlimxanov arasında Nazirlikdə görüş keçirildi.
Görüş zamanı cari ilin 15 sentyabr tarixində “Mədəni İnkişafa dair Göstəricilər Toplusu” (Culture İndicators) layihəsi barəsində Azərbaycan Xalça Muzeyində keçirilmiş seminar müzakirə olundu. Qarşı tərəf bildirdi ki, “Mədəni İnkişafa dair Göstəricilər Toplusu” layihəsi YUNESKO tərəfindən tərtib edilmişdir və ölkədə mədəniyyət sahəsinin inkişafının ölçülməsi və planlaşdırılması üçün çox əlverişlidir.
Nazir müavini Sevda Məmmədəliyeva həm Avropa İttifaqı, həm də Britaniya Şurası ilə əməkdaşlığın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını bildirdi. Misal kimi o, Britaniya Şurasının təşkil etdiyi Uilyam Şekspirin 400 illiyinə həsr olunmuş tədbirlərin Bakıda çox maraqla qarşılandığını bildirdi. Sevda Məmmədəliyeva eləcə də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən mədəniyyət sahəsinin idarəetməsi sisteminin inkişafına yönəlmiş Tvinninq layihəsini xüsusilə qeyd etdi.
Görüş zamanı Mədəniyyət və Yaradıcılıq proqramı çərçivəsində həyata keçirilməsi planlaşdırılan digər layihələr barədə müzakirə aparıldı.
Sonda Sevda Məmmədəliyeva öz növbəsində qeyd olunan sahələr üzrə əməkdaşlıq imkanının yaranmasından məmnunluq hissi keçirdiyini bildirdi və proqrama dair əlaqələndirmənin aparılması üçün müvafiq ideyalar irəli sürdü və təkliflər verdi.
Qeyd etmək lazımdır ki, Britaniya Şurası 2015-ci ilin aprel ayından etibarən Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramını idarə edir. Proqram Avropa Birliyi tərəfindən Azərbaycan və Şərq Tərəfdaşlığına daxil digər beş ölkənin humanitar, sosial və iqtisadi inkişafı üçün mədəniyyət və yaradıcılıq sektorlarına dəstək vermək məqsədilə yaradılmışdır.
Mənbə:> AzNews.info