Azərbaycanlı jurnalistin Çexiya təəssüratları – FOTO
AzNews.info ShareAzerbaijan səhifəsinə istinadla Fatimə Kərimli adlı gənc jurnalist və bloqqerin Çexiya haqqında təəssüratlarını oxucularına olduğu kimi təqdim edir:
Çexiyanın paytaxtı Praqaya keçən il getmişəm. Əslində, məni bu şəhərə Kafka aparıb. Onun xatirə muzeyində olmağı çox arzuladığım üçün bu şəhərə səfər etdim. Birinci onu qeyd edim ki, orada uzun müddət yaşamamışam deyə, ancaq bir neçə günlük turist bilgimi bölüşəcəm.
Şəhərin ən maraqlı yerlərindən biri “Old town” deyilən yerdir. Məşhur astronomik saat da burada yerləşir. Axşamlar hava qaralandan sonra az qala bütün şəhər bura axışır. Meydanın hər tərəfində bir küçə musiqiçisi gözə dəyir. Bir də bu hissədə ənənəvi çex şirniyyatı olan trdelink satılan yerlər çoxdur. Düzünü deyim, tərkibini dəqiq bilmirəm, amma kim getsə yeməyi tövsiyə edirəm, çox dadlıdır.
Praqanın bəyəndiyim digər özəlliyi də satıcıların, restoranlardakı ofisiantların çox mehriban və gülərüz olmasıdır. Hansısa mağazanın önündən baxa-baxa keçirsən, bir də ayılırsan ki, artıq içəridəsən və nə isə alırsan :D
Çexiyanın paytaxtı həm də muzeylər şəhəridir. Hər şeyin muzeyi var; Pivə muzeyi, İşgəncə alətləri muzeyi, Şokolad muzeyi, Grevin muzeyi və s.
Ora qədər gedib "Çarlz" körpüsünü görmədən geri qayıtmaq olmaz. Vltava çayının ikiyə böldüyü şəhəri birləşdirir, nəqliyyata da qapalıdır. Körpünün üstündə xeyli çox dini heykəl var: İsadan tutmuş digər xristian müqəddəslərinə qədər.
Mən iyul ayının 2-ci ongünlüyündə getmişdim və bəxtimdən Praqa folklor günlərinə rast gəldim. Polyak, çex, holland, slovak və s.-lərin həvəskar folklor rəqs ansambllarından ibarət maraqlı konsert proqramları oldu. Konsertdən əvvəl də parad kimi şəhərin ortasından hərəsi öz musiqisini ifa edib rəqs edə-edə keçib getdilər. Həmin ərəfədə getsəz şəhər daha rəngarəng təsir bağışlayacaq.
Son olaraq, mənim getmə səbəbim Kafka olduğuna görə təbii ki, ona aid yerləri də axtarıb tapdım. Xatirə muzeyi çox maraqlıdır, fərqlidir. Keçən il ki məzənnəyə görə bilet bizim pulla 8 manat idi.
Mənbə:> AzNews.info