Gəncədə “Nikolya Şokolad Muzeyi”nin sərgisi açılacaq
Fevralın 20-də Gəncə şəhərində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə məşhur “Nikolya Şokolad Muzeyi”nin eksponatlarından ibarət sərginin açılışı olacaq.
Heydər Əliyev Mərkəzindən Oxu.Az-a verilən xəbərə görə, Gəncə Müasir İncəsənət Muzeyində təşkil olunacaq sərgidə ümumi kütləsi 700 kiloqramdan çox olan 300-dək yüksək keyfiyyətli şokolad məmulatı - şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər, installyasiya və kompozisiyalar nümayiş etdiriləcək.
Sərgi Gəncə sakinləri və şəhərin qonaqlarına məşhur şokolad ustası Nikolay Popovun məhsulları ilə yanaşı, şokoladın tarixi ilə tanış olmaq imkanı yaradır.
Qeyd edək ki, dünya turu çərçivəsində 40-dan çox şəhərdə nümayiş etdirilən sərgini bu günədək izləyənlərin ümumi sayı 500 000 nəfəri keçib. Sərgi, həmçinin 2015-ci ilin may-iyun aylarında Bakıda təqdim olunub.
Kütləsi 65 kq olan “Qız qalası”, 512 hissədən ibarət olan, hündürlüyü 210 sm olan, 45 kq-lıq “Eyfel qülləsi” heykəlləri sərginin əsas eksponatları sırasındadır. Ekspozisiyada, həmçinin məxsusi olaraq Gəncə şəhərinə həsr olunmuş əsərlər - Nizami Gəncəvinin portreti və Gəncə şəhərinin gerbi təqdim ediləcək.
Sərgi çərçivəsində şokoladdan incəsənət əsərləri yaratmağı öyrənmək istəyənlər üçün Nikolay Popov ustad dərsləri də keçəcək.
Sərgi martın 26-dək davam edəcək.
Mənbə:> Oxu.Az