Leyla Əliyevanın rəsmləri əsasında sərgi açıldı
Leyla Əliyevanın və Stiven Vebsterin əsərləri Heydər Əliyev Mərkəzində təşkil edilən sərgidə nümayiş olunur. Martın 2-də Heydər Əliyev Mərkəzində “İncəsənət və zərgərlik” (Art and Jewellery) sərgisinin açılış mərasimi keçirilib.
AzNews.info AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub. Sərgidə məşhur “Stephen Webster” brendi tərəfindən Leyla Əliyevanın rəsmlərinin motivləri əsasında yaradılmış əsərlər nümayiş olunub.
Açılış mərasimində kolleksiyanı “Stephen Webster” şirkətinin qurucusu, dizayner Stiven Vebster təqdim edib. Sərginin təşkilində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirən Stiven Vebster burada nümayiş olunan əsərlərin tarixçəsindən söz açaraq deyib: “Mənim üçün çox böyük şərəfdir ki, sizin hər birinizin tanıdığınız Leyla xanım Əliyeva ilə əməkdaşlıq etmişəm.
Bu gün burada siz bizim bu işin, mənim çalışdığım səylərin nəticəsi ilə tanış olacaqsınız. Ümidvaram ki, Leyla xanımın əsərləri əsasında yaratdığım zinət əşyaları sizin xoşunuza gələcək”.
Stiven Vebster diqətə çatdırıb ki, “mənim işim nədənsə ilhamlanaraq yaranan hekayəni danışmaq və komandamı bunu qeyri-adi və avanqard bir əsərə çevirməyə ruhlandırmaqdır”.
Tədbir iştirakçıları sonra sərgiyə baxıblar.
Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi martın 31-dək davam edəcək.
Mənbə:> AzərTAc