Avropa Oyunlarında Bakının mədəni qələbəsi
Bakı sabah möhtəşəm gününü yaşayacaq. Birinci Avropa Oyunlarının təntənəli və tarixi açılışı olacaq. Mərasimdə iştirak edən ölkələrin idmançılarından əlavə, tamaşaçıların, qonaqların, turistlərin demək olar əksəriyyəti paytaxtımıza təşrif buyurublar. Onları Bakıda təkcə idman yarışlarını seyr etmək yox, həm də "Odlar yurdu"nun zəngin mədəni həyatı ilə tanışlıq da gözləyir.
Bəs bunun üçün ölkəmizdə hansı mədəni tədbirlər hazırlanıb reallaşdırılır, Avropa Oyunlarına həsr olunan mədəni tədbirlər hansı təəssüratı yaradır?
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov ANS PRESS-ə bildirib ki, Avropa Oyunları ilə bağlı paytaxtda fəaliyyət göstərən bütün muzeylərdə, sərgi salonlarında, teatr və kino mərkəzlərində yeni ekspozisiyalar, sərgilər, tamaşalar və ekran əsərləri hazırlanıb. Belə ki, may ayından etibarən 2 sərgi açılıb və hazırda davam edir. Bunlardan biri məşhur “Nikolya Şokolad Muzeyi” müəllif sərgisi dünya turu çərçivəsində 40-dan çox şəhərdə nümayiş etdirildikdən sonra Bakıda açılıb. Muzey Mərkəzində açılan sərgidə ümumi çəkisi 700 kiloqramdan çox olan 250-dən artıq yüksək keyfiyyətli şokolad məmulatı, şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər və kompozisiyalar nümayiş etdirilir.
Məşhur şokolad ustası Nikolay Popov məxsusi Bakı sərgisi üçün Azərbaycana həsr olunmuş silsilə şokolad incəsənət əsərləri hazırlayıb. Çəkisi 70 kiloqramdan çox olan “Qız qalası” şokolad miniatürü sənətkarın ən ağır heykəlidir. Qeyri-adi ekspozisiyaya şəhərin məşhur binalarının – Hökumət Evinin, Muzey Mərkəzinin, Azərbaycan Dövlət Opera və Balet Teatrının, “Flame Towers” alov qüllələrinin şokolad təsvirləri, habelə marsipan meyvələr, güllər, şokolad manqal və bir çox başqa məmulatlar daxildir. Bura paytaxt sakinlərinin, eləcə də şəhərimizin qonaqlarının, turistlərin marağı çox böyükdür və böyük maraqla baxmağa gəlirlər. Bu günlərdə isə sərgidə Avropa Oyunlarına həsr olunan dünyanın ən böyük - 215 kiloqramlıq şokalad panosu Bakıda sərgilənməyə başlayıb.
Bundan əlavə, mayın 15-dən etibarən Atəşgah qoruğu Muzeyində yeni ekspozisiya açılıb və Avropa Oyunları başa çatanadək davam edəcək. Bura xarici turistlərin kifayət qədər marağı var. Onların rahatlığı üçün xüsusi marşrutlar ayrılıb.
Muzey Mərkəzində "Bakı-2015"ə həsr olunan "Avropa haqqında düşüncələr" adlı sərgi, eləcə də Səttar Bəhlulzadə adına Qolereyada "Zamanın rəngləri" adlı sərgi də maraq oyadır. Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən bütün muzeylər, tarixi və mədəniyyət obyektləri turistlərin gəlişinə tam hazırdır. Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti yüksək səviyyədə təbliğ olunur. Muzeylərin iş saatı səhər saatlarından axşam saat 22:00-dək uzadılıb.
Bakı teatrları da Avropa Oyunlarına tam hazırdır. Burada da turistləri maraqlı və mənalı repertuar gözləyir. Turistlər bazar ertəsi istisna olmaqla hər gün maraqlı tamaşalara baxacaqlar. Belə ki, Akademik Milli Dram Teatrında, Musiqili Dram Teatrında, Gənc Taçmaşaçılar Teatrında və Rus Dram Teatrında 10-dan çox tamaşa xüsusi müasir avadanlığın köməyi ilə müxtəlif dillərə tərcümə şəklində nümayiş olunacaq. Tamaşalar əsasən Azərbaycan və Avropa klassiklərinin əsrləri əsasında hazırlanıb. Əminik ki, ölkəmizin mədəni həyatı ilə tanışlıq turistlər üçün çox maraqlı və yaddaqalan olacaq.
Mədəniyyət və Turizm Nazirliyi qeyri-hökumət təşkilatları ilə birlikdə ötən həftədən etibarən Azərbaycanın Milli Geyimlərinin təbliği ilə bağlı layihəyə start verib. Mart ayında elan olunan qrant müsabiqəsində qalib gələn qeyri-hökumət təşkilatı (QHT) milli geyimlərimizlə bağlı videoçarx hazırlayıb. İngilis dilində olan çarxın ictimaiyyətə geniş təqdimatı olub.
Bundan əlavə, nazirlik digər QHT ilə birgə paytaxtdakı alış-veriş mərkəzlərinin birində Milli Geyimlərin sərgisini açıb. Bu sərgi ictimaiyyətə təqdim olunduqdan sonra Avropa Oyunları başa çatanadək turistlərin qalacağı mehmanxanalarda sərgilənəcək. Otellərdə xüsusi ayrılmış yerlərdə turistlər həm milli geyimlərimizlə tanış olacaqlar, həm də onu geyinib xatirə şəkilləri çəkdirəcəklər.
Paytaxtın bütün museyləri birinci Avropa Oyunları ilə əlaqədar olaraq iyunun 1-dən ikinövbəli iş rejimində çalışır və bu proses iyunun 30-dək davam edəcək. Bazar günü istisna olmaqla, hər gün səhər saat 10:00-dan axşam 20:00-dək muzeyə gələn əcnəbi və yerli qonaqlar bu mədəniyyət ocağının qədim zamanlardan müasir dövrə kimi Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol haqqında məlumat verən ekspozisiyası ilə tanış olurlar. Onlara görkəmli ədiblərin əlyazmaları, məşhur xəttatların yazı nümunələri, klassiklərin əsərlərinə çəkilən miniatürlər, Azərbaycan yazıçılarının əsərləri və sənədli fotoşəkillər, xalq yaradıcılığı nümunələri, müxtəlif dövrlərə aid sikkələrin kolleksiyası, qədim xalçalar, saxsı qablar və digər maddi mədəniyyət abidələri haqında məlumatlar verilir.
Muzeylərin yenilənmiş ekspozisiyalarında monitorlar vasitəsilə təqdim edilən müxtəlif filmlərdən, səhnə əsərlərindən fraqmentlər, görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, tanınmış aktyorların ifasında poeziya nümunələri ziyarətçilərin xüsusi marağına səbəb olur. Qonaqlara həm Azərbaycan, həm də rus və ingilis dilllərində xidmət göstərilir.
Kino mərkəzləri də “Bakı-2015” ilə bağlı xüsusi repertuar hazırlayıb və iyunun 12-dən 28-dək ilk Avropa Oyunları ilə bağlı paytaxta gələn qonaqlara açıq olacaq. Repertuara xarici dilə tərcümə olunmuş tammetrajlı Milli bədii və idman mövzusunda qısametrajlı və sənədli filmlər daxıl edilib.
Milli bədii kinolentlər sırasında olan “Nabat”, “Çölçü”, “Girov”, “Ovsunçu” , “Aktrisa”, “ İlahi məxluq” , “ Hökmdarın taleyi”,“40-cı qapı”,“Axınla aşağı”, “ Dərvişin qeydləri”, “ Qafqaza qayıdış”, “ Sahə”, “ Niyyət”, “ Buta”, sənədli və qısametrajlı filmlər sırasında “Keçmişə qaçış”, “Səhra boksçusu” ,“London səhnələri”, “Səssiz idman”, “Zirvədə həyat”, “ Oyundankənar ”, “Qalib”, “Oyun sevgisi”, “Slec xokkey”, “Valeri Brumel”, “Təşəkkür edirəm doktor”,“ Top həm düşər, həm qalxar”, “Həmişə analar günündə”, “ Çovqan”, “ Rəqs et” filmləri ingilis dilində subtitrlərlə təqdim olunacaq. Filmlər iyunun 12-dən 28-dək hər gun saat 17:00-da pulsuz nümayiş olunacaq.
Beləliklə, ölkəmiz ilk Avropa Oyunlarına idman sahəsində hazırlaşdığı kimi, mədəniyyət sahəsində də yüksək səviyyədə hazırlaşıb. Əminik ki, görülən bütün işlər mötəbər idman yarışı başa çatdıqdan sonra uzun illər yaddaşlardan silinməyəcək, Bakı idman və mədəniyyət şəhəri kimi daim xoş ovqatla xatırlanacaq.
Mənbə:> ANSPRESS