Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılacaq
Azərbaycan Prezidenti İlham Əliyev Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, xalq şairi, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin azərbaycançılıq məfkurəsinə sədaqət və tarixi-mədəni dəyərlərə ehtiram aşılayan, istiqlal ideyaları ilə zəngin yaradıcılığı milli ədəbi fikir xəzinəsinə qiymətli töhfə təşkil edir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərini nəzərə alaraq qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. Şəki şəhərində xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və onun Şəkidə yaşadığı binaya xatirə lövhəsinin vurulması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin;
2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.
Mənbə:> Oxu.Az