Azərbaycanda icbari tibbi sığortanın tətbiq ediləcəyi vaxt açıqlandı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin gecikmə səbəblərindən danışıb.
Oxu.Az bu barədə “Azərbaycan” qəzetinə istinadən xəbər verir.
“10 il əvvəl səhiyyə büdcəmiz indikindən 10 dəfə aşağı olub. Həmçinin səhiyyə ocaqlarımızın vəziyyəti, maddi-texniki bazası qənaətbəxş deyildi. Eyni zamanda vətəndaşlarımızın gəlirlilik dərəcəsi də aşağı idi. Bu kimi obyektiv səbəblərdən tibbi sığortanın tətbiqi gecikməli olub.
Lakin son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sistemində də mühüm islahatlar aparılıb və müasir səhiyyə müəssisələrinin, infrastrukturun qurulması üçün dövlət büdcəsindən böyük məbləğdə vəsait ayrılıb.
Bu dövrdə əksəriyyəti respublikanın bölgələrində olmaqla 500-dən çox tibb müəssisəsi əsaslı təmir olunub və ya yeniləri tikilib”, - deyə Z.Əliyev deyib.
Z.Əliyev onu da vurğulayıb ki, agentliyin fəaliyyət müddəti onun əsasnaməsinin təsdiq edildiyi vaxtdan, yəni 2016-cı ilin fevral ayından etibarən qiymətləndirilməlidir:
“Biz çalışırıq ki, gələn ilin sonuna qədər pilot qaydasında icbari tibbi sığortanı sınaqdan keçirək. Layihə bir müddət sınaqdan keçirildikdən sonra çatışmazlıqlar aradan qaldırılacaq və layihə geniş formada tətbiq olunacaq.
Pilot layihəni sınaqdan keçirmək üçün təxminən 9 ay vaxt lazımdır. Əgər biz bu ilin sonundan başlasaq, təqribən 2017-ci ilin sentyabr-oktyabr aylarında layihəni də bitirməliyik. Nəhayət, 2017-ci ilin sonlarına doğru mərhələli şəkildə ölkə ərazisində icbari tibbi sığortanın tətbiq edilməsini nəzərdə tuturuq”.
Qeyd edək ki, agentliyin pilot layihəsinin bir rayon və bir şəhər tipli ərazidə tətbiq edilməsi nəzərdə tutulur.
Rayon və şəhərlərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan agentlik həm şəhər, həm də rayon tipli ərazidə bu sistemin tətbiqini sınaqdan keçirəcək. Pilot layihənin həyata keçirilməsinin məqsədi əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaqdır.
Mənbə:> Oxu.Az